UEFA Azərbaycanda çalışan məşqçilərə diplom verdi
22.03.2010 - 14:05
UEFA Azərbaycanda çalışan məşqçilərə diplom verdi
Azərbaycanda işləmiş ukraynalı məşqçilər UEFA-nın diplomunu alıb. Apasport.az saytının məlumatına görə, Bakının “İnter” və “Neftçi” klublarının sabiq baş məşqçiləri olan adaşlar - Anatoli Konkovla Anatoli Demyanenko məşqçilikdə ən yüksək dərəcə olan “Pro”nu almalarını təsdiqləyən qitə futbol qurumunun diplomlarına sahib çıxıb. Bu prosedura Ukrayna Futbol Federasiyasının Kiyevdəki lisenziyalaşma mərkəzində gerçəkləşib. Həmin kurslarda Oleq Bloxin, Aleksey Mixayliçenko, Vyaçelav Qroznı, Aleksandr Zavarov, Semyon Altman, Andrey Bal, Pavel Yakovenko, Leonid Buryak, Vitali Kvartsyanı, Oleq Lujnı, Oleq Protasov, Gennadi Litovçenko kimi tanınmış məşqçilər iştirak edib. Hazırda ölkə çempionatımızda yeganə ukraynalı baş məşqçi olan “Simurq”un təcrübəli çalışdırıcısı Roman Pokora da həmin sınaqdan üzüağ çıxıb.

Qeyd edək ki, “İnter”in ilk baş məşqçisi kimi tarixə düşən Konkov iki il (2004-2006) orada çalışıb, hətta klubun vitse-prezidenti də olub. Demyanenko isə 2008-ci ilin yanvarında “Neftçi”yə gələn kimi klubla 3,5 illik müqavilə imzalasa da, cəmi 9 ay sonra vəzifəsindən çıxarılıb. Hər iki ukraynalı mütəxəssis komandanın çıxışına görə istefaya göndərilib. Adaşlar ölkəmizdən gedəndən sonra məşqçi kimi fəaliyyət göstərmir.
0