“Qəbələ”ni “Tvente” və “Rid” klubları ilə birləşdirən nədir?
22.03.2010 - 14:57
“Qəbələ”ni “Tvente” və “Rid” klubları ilə birləşdirən nədir?
“Qəbələ” klubu Qurban Qurbanovun məşqçilik karyerasında ilkə imza atıb. Apasport.az saytının hesablamalarına görə, 38 yaşlı Qurbanov baş məşqçi kimi ölkə daxilində yarışlarda ilk dəfə bir oyunda üç qol buraxıb. Buna “Qəbələ” onun çalışdırdığı Ağdamın “Qarabağ” klubu üzərində Unibank Premyer Liqasının XXIV turunda ev oyununda əzmkar qələbə qazanmaqla imza atıb – 3:1. “Qarabağ”ın buna qədər Qurbanovun rəhbərliyi altında üç top buraxdığı yeganə oyun Avroliqanın son təsnifat mərhələsi çərçivəsində Hollandiyanın “Tvente” klubu ilə oyun idi. Maraqlıdır ki, ötən ilin avqustunda keçirilən həmin səfər görüşü də ağdamlıların 1:3 hesablı məğlubiyyəti ilə nəticələnib və oradakı oyunda da hadisələr Qəbələdə olduğu kimi cərəyan edib. Yəni “Tvente” kimi “Qəbələ” də hesabda 0:1 geridə olduqdan sonra 3 qol vuraraq, sonda meydanı qalib tərk edib.

Futbolçu karyerasını 2005-ci ilin payızında, 33 yaşında zədəyə görə başa vurmalı olan Qurbanov bir il sonra məşqçiliyə başlayır. Özü də veteran hücumçu indiyə kimi baş məşqçi kimi çalışır. 2006-cı ilin iyununda karyerasını ən yaxşı illərini keçirdiyi “Neftçi”yə baş məşqçi təyin olunan Qurbanov debütdə çempionluğun bir addımlığında büdrədi. Sona bir tur qalmış “Şəfa” stadionunda “Olimpik”ə 1:2 hesablı məğlubiyyət liderliyin, sonda qızıl medalın əldən getməsi bahasına başa gəldi. Yeri gəlmişkən, Qurbanov həmin oyunda da fasiləyə 1:0 irəlidə yollansa da, sonradan iki top buraxaraq uduzub.

Məşqçi kimi debüt ilində gümüş medal qazanan gənc çalışdırıcı növbəti mövsümün əvvəlində “Neftçi”nin sükanı arxasından gedir. 2008-ci ilin avqustunda çempionatın startına bir həftə qalmış “Qarabağ”ın baş məşqçisi təyin olunan Qurbanov ilk titulunu burada qazanır. Belə ki, o, ötən mövsüm Azərbaycan kubokuna sahib çıxıb.

Maraqlıdır ki, Qurbanovun “Neftçi”də də yeganə üç top buraxdığı oyun avrokuboklarda, Avroliqanın əvvəl adlandığı UEFA kubokunun təsnifat mərhələsində olub. “Ağ-qaralar” 2007-ci ilin iyulunda Avstriyanın “Rid” klubu ilə səfər oyununda da 1:3 hesabı ilə uduzması diqqəti çəkən məqamdır. Göründüyü kimi, Qurbanova üç il məşqçilik karyerasında yalnız “Rid və “Tvente”, ölkə daxilində isə yalnız “Qəbələ” bir oyunda üç qol vurub. Qalan rəqiblər ən yaxşı halda iki dəfə topu qapıdan keçirə bilib.

Qeyd edək ki, axır vaxtlar uğursuz çıxış edən “Qarabağ” Azərbaycan kubokunu da nəzərə alsaq, son 3 oyunda məğlub olur. Ölkə kuboku titulunu qoruya bilməyən ağdamlılar “altılıq” başlayandan sonra xal qazana bilməyən yeganə komandadır. “Qəbələ” “Qarabağ”ı yenməklə, eyni zamanda “altılıq”da ilk xalını, qələbəsini qazandı. “Qarabağ” Ramiz Məmmədovun baş məşqçi olduğu komanda ilə cari mövsümdə hər üç oyunda qələbəyə həsrət qalıb (0:0, 1:1 və 1:3).
0