Ramal Hüseynov: Bəlkə məni haqqımızı tələb etdiyimə görə çıxarıblar?
22.03.2010 - 16:41
Ramal Hüseynov: Bəlkə məni haqqımızı tələb etdiyimə görə çıxarıblar?
“Komandadan çıxarılmağımı eşitsəm də, mənə bu haqda heç kim rəsmi məlumat verməyib. Buna görə də hələ ki gözləməyi üstün tuturam. Məsələni sona kimi ayırd edəndən sonra sözümü deyəcəyəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Sumqayıtın “Standard” klubunun futbolçusu Ramal Hüseynov deyib. Unibank Premyer Liqasında XXIV turda Tovuzun “Turan” klubu ilə ev oyununda məğlubiyyət (2:3) 26 yaşlı yarımmüdafiəçiyə baha başa gəlib. Belə ki, rəhbərlik baş məşqçi Böyükağa Hacıyevlə soyuq münasibətlərdə olan Ramalı komandadan kənarlaşdırmaq qərarına gəlib.

Hüseynov komandanın uğursuzluğunda, konkret olaraq “Turan”la oyunda buraxılan iki qolda səhvinin olduğunu bildirilsə də, futbolçu bunu yaxına buraxmır: “Bunlar boş sözlərdir. Uduzmuşuqsa, bunda hamının günahı var. Udduğumuz zamanı isə bu, hamının zəhmətinin nəticəsidir. Məğlubiyyətə görə tək bir nəfəri günahlandırmaq düzgün deyil. Mənim arxamda mərkəz müdafiəçisi çıxış edir. Həmin mövqedə oynayan legioner Andrey Kirşul məğlubiyyətdə əsas günahkarlardan olduğunu etiraf edib. Səhvlərini boynuna Andrey qapımıza qol vurulan epizodlarda komanda yoldaşlarını sığortalaya bilmədiyini deyib. Baş məşqçimiz də mənə oyundan sonra narazılığını bildirmədi. Belə olan halda, niyə təkcə məni günahlandırmalıdırlar ki?”.

Hüseynov “Bakı”da bir yerdə çalışdığı Hacıyevlə münasibətləri “Standard”da pozulub. Nizam-intizamı pozmaqla bağlı problemi olan futbolçu cari mövsümdə ən çox qırmızı vərəqə almaqla (2 dəfə) antirekordçudur. Hacıyev intizamsızlığa görə bir müddət məşqlərdən kənarlaşdırdığı Ramalla “Xəzər-Lənkəran”la yoxlama oyununda mübahisə etməsi münasibətlərin yaxşı olmamağının göstəricisi idi. Ramal günahı daha çox özündə yox, baş məşqçisində görür: “Böyükağa müəllim özü vəziyyəti pisləşdirdi. Ola bilsin ki, problem yaradan odur. Bəlkə də məni haqqımızı tələb etdiyimə görə çıxarıblar? Bizə “Olimpik-Şüvəlan” üzərində qazandığımız əzmkar qələbəyə görə mükafat indiyə kimi verilməmişdi. Komandadan çıxarılmağımın səbəbini bilmədiyim üçün bütün bunları aydınlaşdırmaq istəyirəm. Görüm bunların fikirləri nədir, bundan sonra mən də sözümü deyəcəyəm, nələrin baş verdiyini açıqlayacağam”.

Qeyd edək ki, Ramal “Standard”a ötən yay Türkiyənin “Kocaelispor” klubundan keçib.
0