Korkmaz istefasının səbəbini açıqladı
22.03.2010 - 18:53
Korkmaz istefasının səbəbini açıqladı
“Bakı” futbol klubunun baş məşqçisi postundan gedən Bülənt Korkmazın apasport.az saytına müsahibəsi

- Komandadan gedişinizlə bağlı nə deyə bilərsiniz?
- “Bakı”dakı fəaliyyətimi uğurlu saymaq olar. Komandanı uğursuzluq zolağından çıxardıq, xal ehtiyatını artırdıq, 10-cu pillədən 3-cü yerə gətirdik. Mənim düşündüyüm hədəflər yerinə yetirilirdi. Klubun baza, infrastrukturla bağlı təşkilati məsələlər, aşağı yaş qruplarından futbolçu gətirib, “altılığ”a çıxardıq. Futbolçuları peşəkar anlamda bəlli bir yerə gətirdik. Yemək, içmək, yatmaq, istirahət, məşqlərdən tutmuş hər bir şeyə xüsusi diqqət yetirirdik. Biz onlara peşəkarlığı öyrətdik. Amma bu tək komanda ilə bağlı deyil, bütünlüklə olması lazım idi. Təbii ki bəzi kiçik problemlər, məsələlər məni bu addımı atmağa məcbur etdi. Mən yoxdur, biz, “Bakı” klubu vardı”. Bu işlərin toplantı ilə yox, davamlı çalışaraq, alın təri tökərək, əmək sərf etməsi, insanların anlaması gərəkdir. Bütün hər şeyini buna verməlisən. Toplantı ilə bu işlər olmaz. Bundan dolayı belə bir qərar aldıq. İnşallah, bu il “Bakı” klubu üçün uğurlu olar. Çempionluq və Azərbaycan kuboku komandanın ən böyük hədəfidir. Biz belə bir gözəl komandanı buraxıb getdik. “Bakı” hər iki titula iddiasını davam etdirir. İnşallah, biz buraxdığımız yerdən komandanı zirvəyə doğru daşıyarlar. Mənə, komandama yardımçı olan hər kəsə təşəkkür edirəm.

- Əsas problemləri konkret izah edərsiniz? Siz toplantı haqda danışanda konkret nəyi nəzərdə tutursunuz?
- Mən bunu açıqlamaq istəmirəm. Bunu mətbuat kimi sizin öyrənməyiniz daha yaxşı olardı. Söhbət təkcə komandadan deyil, klubdan gedir. Nəzərdə tutduğum məsələlər bütövlüklə olmalıdır. Qarşılıqlı sevgi və hörmət olmalı, iş çalışaraq edilməlidir.

- Həmin hörməti klub rəhbərliyi tərəfindən gördünüzmü?
- Bəli. Mən klubun prezidenti Hafiz Məmmədova “çox sağ ol” deyirəm. Ona indiyə kimi gördüklərinə görə minnətdaram. Hafiz Məmmədov çox alicənab, düzgün bir insandır. Mən Azərbaycan xalqına, futbolsevərlərinə, hər kəsə mənə göstərilən diqqətə görə təşəkkür edirəm. Mətbuata da minnətdaram, gələcək işlərinizdə uğurlar arzulayıram.

- “Standard”la oyundan sonra istefa şüarları səslənmişdi. Yəqin ki, bunu eşitmisiniz?
- Biz həmin oyunu 3:1 hesabı qələbə qazandıq. Başa düşmədim, niyə istefa?

- 1:1 hesabı ilə nəticələnən ilk oyunu nəzərdə tuturuq...
- Mən həmin oyunda “istefa” səslərini ilk olaraq sizdən duyuram. 14 oyundur uduzmayan baş məşqçiyə belə şey deyilməz. Mən tərəfdarlardan belə bir şey eşitmədim.

- Bəlkə həmin oyundan sonra sizinlə söhbət olub və “altılıq”da “Neftçi”yə məğlubiyyət həlledici olub?
- Yox. Mən istefa vermişəm. Bu qərarı özüm qəbul etdim.

- Azərbaycandan nə vaxt gedirsiniz?
- Hələ bir neçə gün burdayam. Azərbaycanda dostlarım, yoldaşlarım var. Onlarla vidalaşıb, gedəcəyəm. Mənim adımdan Azərbaycan xalqına təşəkkür etsəniz, çox sevinərəm. Hazırda Bakı, Azərbaycan çox gözəlləşib. İnşallah, Azərbaycan futbolu daha da irəliləyər, gözəl yerlərə gedər.

- Köməkçilərinizlə birgə istefa verdiniz?
- Bəli.

- Komandanı kimə təhvil verib gedirsiniz?
- Mən bu haqda bir şey deyə bilmərəm. O, artıq klubun işidir. Məqsəd Yaqubəliyev adlı azərbaycanlı qardaşımız var. O, köməkçilərimdən biri idi.

- Sizcə, “Bakı” bu mövsümdə nəyi qazana bilər?
- Bizim buraxdığımız komanda çempionluğu və kuboku qazan bilər. “Bakı” indi hər iki titulu qazana biləcək durumdadır. Məndən sonra gələcək insanın bunu həyata keçirəcəyinə inanıram.

- İndi komanda həlledici “altılıq” mərhələsində baş məşqçisiz qalır. Olmazdı ki, mövsümün sonunda buna nail olub gedərdiniz, yəni komandanı yarı yolda buraxardınız?
- Buna gərək görmədim.
0