Diniyev hansı klubu qəzəbləndirib?
23.03.2010 - 14:20
Diniyev hansı klubu qəzəbləndirib?
Unibank Premyer Liqasının son turunda keçirilən “Standard” – “Turan” oyunu maraqlı səhnə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Sumqayıtda keçirilən qarşılaşmada qələbə qazanan (3:2) qərblilər stadionu razı şəkildə tərk etsələr də, oyunun idarəçiliyi onları qane etməyib. Ədalət təmsilçilərinin oyun ərzində çıxardığı iki qərarı ədalətsiz sayan tovuzlular görüşdən sonra hakimlərə təşəkkür edərək bayram əhval-ruhiyyəsini korlamaq istəməyib. Amma “Turan” azarkeşləri və Tovuz futbol ictimaiyyətinin nümayəndələri hakimlərin addımlarından qəzəblənib.

Belə ki, artıq qarşılaşmanın 2-ci dəqiqəsində hesab açılsa da, oyunun referisi qolu qeydə almayıb. Samir Musayevin sağ cinahla irəliləyib ötürmə verməsindən sonra Nadir Nəbiyev erkən qola sevinmək istəyib. Amma laysman Elşən Durmuşov Nadirin arzusunu gözündə qoyub. Anar Nəzirov topu xəttin içərisindən qaytarıb. Yan xətt hakimi isə əli ilə işarə edib ki, qol olmayıb. Diniyev də Durmuşova qulaq asaraq Nəbiyevin qolunu saymayıb. Matçdan sonra adlarının açıqlanmasını istəməyən bəzi AFFA rəsmiləri də matçın video kasetini izləyərək hakimlərin səhv qərar qəbul etdiyini bildiriblər. Cəmi 11 dəqiqə sonra Diniyev özü “Turan”ın əleyhinə qərar qəbul edib. Cərimə meydanının xətti üzərində dayanan Nəzirov əlni kənara uzadaraq topu tutsa da, baş hakimin fiti susub. Qonaqlar qayda pozuntusunun olduğunu iddia edib, referi isə onları haqsız sayıb.
Məlumata görə, tovuzlu azarkeşlər baş verənlərdən qəzəbləniblər.
0