AFFA İntizam Komitəsi “Bakılı” klubunu cəzalandırıb
23.03.2010 - 14:36
AFFA İntizam Komitəsi “Bakılı” klubunu cəzalandırıb
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, gündəlikdə duran məsələlər dinlənildikdən sonra müvafiq qərarlar qəbul edilib. Unibank Premyer Liqasının XXIV turunun “Qəbələ” – “Qarabağ” matçının 86-cı dəqiqəsində meydançaya kənar əşya atıldığına görə meydan sahibi 2000 manat cərimə olunub. “Xəzər-Lənkəran”la oyunda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “İnter” 1000 manat cərimə edilib. Bakılılar matçın 82-ci dəqiqəsində meydançaya kənar əşya atıldığına görə daha 2000 manat ödəməli olacaq.

Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIV turunun “Standard” – “Simurq” matçının 61-ci dəqiqəsində ikinci sarı vərəqəyə görə meydandan qovulan Cavad Mirzəyev 1 oyunluq cəzalanıb və qonaqları 100 manat ziyana salıb.

Azərbaycan I divizionunun XIV turunun “Neftçi İSM” – “Bakılı” matçında baş verənlər də bugünkü iclasın müzakirə mövzusuna çevrilib. Qarşılaşmanın 64-cü dəqiqəsində “Bakılı”nın futbolçusu Rafiq Əliyev simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb və onun klubu 20 manat cərimə olunub. Onun komanda yoldaşı Fuad Əliyevin cəzası daha ağır olub - 2 oyun və 200 manat. Matçın 68-ci dəqiqəsində “Bakılı” meydançanı tərk edərək oyunu davam etdirmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət və 1000 manat məbləğində cərimə verilib. Komanda meydançanı tərk etdiyi zaman oyunçu Elnur Hüseynov matçın yan hakiminə bədən xəsarəti yetirdiyi üçün futbolçu 2 il müddətinə futboldan kənarlaşdırılıb və klubunu 2000 manat ziyana salıb.

Eyni zamanda “Bakılı”nın futbolçuları Əli Hüseynov, Təhmuraz Rzayev və prezidenti Misir Əbilov hakimləri təhqir etdiyinə görə cəzalanıb. Oyunçular 2, klubun prezidenti 4 matçlıq kənarlaşdırılıb. Bu hadisə ilə əlaqədar olaraq “Bakılı” klubu 800 manat (hər bir futbolçuya görə 200, klub prezidentinə görə 400 manat cərimə olunub. Hakimlər Komitəsinə tapşırılıb ki, baş hakimin idarəçiliyi haqqında lazımi ölçü götürsün.
0