“Bakı” klubunun yeni baş məşqçisi əcnəbi mütəxəssis olacaq
23.03.2010 - 15:36
“Bakı” klubunun yeni baş məşqçisi əcnəbi mütəxəssis olacaq
“Bakı” klubunun yeni baş məşqçisi əcnəbi olacaq. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis Bülənt Korkmazla dünən yollarını ayıran paytaxtın eyni adlı təmsilçisi yeni baş məşqçi axtarışlarına başlayıb.

Daim iddialılar sırasında olan bakılılar bu dəfə də çalışdırıcısını ölkə xaricində axtarır. Artıq bir neçə variant üzərində baş sındıran rəhbərlik hələ seçim etməyə tələsmir. Bu səbəbdəndir ki, yeni baş məşqçinin təyinatı yayadək yubana bilər. Ona görə də mövsümün son qarşılaşmalarında bu vəzifəni müvəqqəti icra edəcək mütəxəssislə qısa müddətli anlaşma əldə olunacağı real görünür. Klubun tarixində ilk titulun – ölkə kubokunun qazanılmasının memarı olan Əsgər Abdullayevin bu məsuliyyəti üzərinə götürəcəyi ehtimal olunur. 2005/06 mövsümündə sona 8 tur qalmış “Bakı”dan ayrılan Abdullayev indi 8 turluq iş başına qayıda bilər.

Qeyd edək ki, Abdullayev 2004-cü ilin avqustundan 2006-cı ilin martınadək “Bakı”nın baş məşqçisi olub.
0