Zaur Məmmədov: Pokoranın vaxtından tez qovulması mümkündür
26.03.2010 - 12:42
Zaur Məmmədov: Pokoranın vaxtından tez qovulması mümkündür
"Simurq"un Əsgər Abdullayevlə danışığa başlaması həqiqəti əks etdirmir. Ümumiyyətlə, biz Abdullayevin mümkün keçidini müzakirə etməmişik". Bu sözləri apasport.az saytına açıqlamasında Zaqatalanın "Simurq" klubunun prezidenti Zaur Məmmədov deyib.

Cari çempionatın əvvəlindən zəif çıxış edən "Simurq"un artıq heç bir iddiası qalmayıb. Belə ki, Zaqatala təmsilçisi həm çempionluq, həm də kubok uğrunda mübarizəni dayandırıb. Nəticədə rəhbərlik baş məşqçi Roman Pokora ilə yollarını ayırmaq qərarına gəlib. Müqaviləsi mayda başa çatacaq ukraynalının vaxtından tez istefaya göndərilməsi də mümkündür: "Bəli, Pokora gedəcək. O, qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilmədi. Artıq biz yeni baş məşqçi axtarışına çıxmışıq. Hələlik, konkret ad üzərində dayanmamışıq. Zaqatalada işləyəcək mütəxəssis əvvəlcə şəraitlə tanış olmalı, yeni komanda qurmaq üçün seleksiya işləri aparmalıdır. Yəni, Pokoranın vaxtından tez istefaya göndərilməsi də mümkündür. Biz yeni məşqçini mümkün qədər tez gətirmək istəyirik" - deyə, Zaur Məmmədov məsələyə münasibət bildirib.

Xatırladaq ki, Roman Pokora "Simurq"a 2006-cı ildən rəhbərlik edir. Zaqatala klubu ötən il onun rəhbərliyi altında çempionatın bürünc medalarını qazanıb.
0