Fatih Akyel həbsxanada! - FOTOSESSİYA
26.03.2010 - 14:18
Fatih Akyel həbsxanada! - FOTOSESSİYA
Türkiyə milli komandasının sabiq futbolçusu Fatih Akyel danışılmış və manipulyasiya edilmiş oyunlarda günahkar bilinərək, həbs edilib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 33 yaşlı oyunçu “Fırıldaqçılıq və şəbəkə üzvü olmaq” maddəsi üzrə ittiham olunaraq, həbsxanaya göndərilib.

2000-ci ildə “Qalatasaray”ın heyətində UEFA kubokunu və UEFA Superkubokunu qazanmış Akyel bundan 2 il sonra Türkiyə yığması ilə dünya çempionatının bürünc mükafatına yiyələnib. Bu uğurdan sonra o, Türkiyə hökuməti tərəfindən “Dövlət Üstün Xidmət Medalı” ilə təltif olunub.

Danışılmış və manipulyasiya edilmiş oyunlarla bağlı aparılan əməliyyatda ümumilikdə 46 şəxs saxlanılıb. Onların arasında yer alan “Qalatasaray”ın sabiq futbolçusu, hazırda “İstanbul BB” klubunun məşqçisi Arif Ərdəm və bu komandanın iki üzvü Taner Gülleri və Kənan Hasaqiç ifadələri alındıqdan sonra sərbəst buraxılıblar. Fatih Akyel isə axırıncı klubu, 2-ci liqa təmsilçisi “Təpəcikspor”da oynadığı vaxt şəbəkə ilə əlbir olmaqda suçlu bilinir.

Ümumiyyətlə, hüquq-mühafizə orqanları 2007-ci ilin dekabrı - 2009-cu ilin noyabrı aralığında keçirilmiş 59 oyunun nəticəsindən şübhələnir. Bu qarşılaşmalardan 10-u Türkiyə Superliqasına aiddir. Hətta “Beşiktaş”ın “Dənizlispor”la (1:0) görüşü də şübhəlilər sırasındadır. Qalan matçlar isə Türkiyənin 1-ci və 2-ci liqasında keçirilib.

Hazırda danışılmış və manipulyasiya edilmiş oyunlarla bağlı əməliyyat axtarışları və istintaq davam etdirilir.
0