“Xəzər-Lənkəran”la oyunda “Neftçi”ni 200 azarkeş dəstəkləyəcək
26.03.2010 - 16:16
“Xəzər-Lənkəran”la oyunda “Neftçi”ni 200 azarkeş dəstəkləyəcək
Sabah Unibank Premyer Liqası çərçivəsində “Xəzər-Lənkəran”a qarşı keçiriləcək matçda “Neftçi” klubunu 200 azarkeş dəstəkləyəcək. Bu haqda apasport.az saytına “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu məlumat verib.

Onun sözlərinə görə, paytaxt komandası Lənkəranda “Qala” otelində məskunlaşıb: “Bu gün saat 18:00-da Lənkəran şəhər stadionunda oyunqabağı sonuncu məşq olacaq. Ümumiyyətlə, “Neftçi” və “Xəzər-Lənkəran” arasında oyunlar həmişə maraq doğurur. Bu derbi olmasaydı, necə deyərlər, Premyer Liqanın duzu olmazdı. “Neftçi” və “Xəzər-Lənkəran” arasında görüşlər ətrafında daima söz-söhbət, ajiotaj yaranır. Yəqin ki, sabah da tribuna tam dolacaq. Biz yalnız qələbə üçün Lənkərana gəlmişik. Komandamız layiqli mübarizə aparıb, futbolumuzun flaqmanı olduğunu bir daha sübuta yetirəcək”.

Bu prinsipial matçda “Neftçi”yə prezident Sadıq Sadıqov da stadionda dəstək olacaq. “Xəzər-Lənkəran” - “Neftçi” matçı sabah saat 18:00-da start götürəcək.
0