Bülənt Korkmaz sabiq komandasının çempion olmasını istəmir
27.03.2010 - 11:50
Bülənt Korkmaz sabiq komandasının çempion olmasını istəmir
“Mən “Qalatasaray”lıyam və istəyərəm ki, bu komanda Türkiyə çempionu olsun. Amma cari mövsümdə “Bursaspor”un qızıl medallara sahib olmasını istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun sabiq baş məşqçisi Bülənt Korkmaz deyib.

Bu həftə paytaxt təmsilçisi ilə yollarını ayıran türkiyəli mütəxəssis vətənində verdiyi açıqlamada uzun illər şərəfini qoruduğu “Qalatasaray” haqda da danışıb. Korkmaz hazırda Türkiyə Superliqasında liderlik edən “Bursaspor”un birinci yerə layiq olduğunu açıqlayıb: “Üç il əvvəl Bursada çalışdım. “Bursaspor”un nə qədər potensiallı komanda olduğunu, çempionluq əldə edə biləcəyini demişdim. Bu komanda indi dediklərimi gerçəkləşdirir”.

Korkmaz vaxtilə kapitanı olduğu “Qalatasaray”ın bu tur “Fənərbaxça” ilə keçirəcəyi derbi matçına da toxunub: “Düşünürəm ki, öz meydanında oynayan “Cim-Bom” qalib gələcək. Onlar həm heyət, həm də düşüncə tərzi ilə buna hazırdır. Lakin Arda oynamasa, bu, “Qalatasaray”ın hücum xəttinə çox təsir edəcək. Hətta Əmrənin “Fənərbaxça”da meydana çıxmaması Ardanın itkisi qədər olmayacaq. Derbidə uduzan tərəf çempionluq yarışından qopacaq”.

Qeyd edək ki, Korkmaz ötən ilin sentyabrından bu həftənin əvvəlinə qədər “Bakı”nın baş məşqçisi olub.
0