Elnur Allahverdiyev: “İnter”lə oyundan sonra “Qarabağ”dan gedə bilərəm
27.03.2010 - 12:09
Elnur Allahverdiyev: “İnter”lə oyundan sonra “Qarabağ”dan gedə bilərəm
“Hazırda "Qarabağ"ın məşqlərinə qatılmıram. Fərdi planda hazırlaşıb, formamı saxlamağa çalışıram”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin və "Qarabağ"ın müdafiəçisi Elnur Allahverdiyev deyib.

Son bir həftədə Elnur Allahverdiyevlə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun problemi yaranıb. Qurbanov Elnurun intizamsızlığını əsas gətirib, onu məşqə buraxmır. Allahverdiyev intizamsız hərəkətlərə yol verdiyini etiraf edib: “Belə hadisələr olub. Sinir sistemimdə problemlər var. Müalicə olunmaq üçün rəhbərlikdən icazə almışam. Həqiqətən də artıq çəkim vardı. İndi hər şey qaydasındadır. Uduzmağı sevmirəm. Hər idmançının öz xarakteri var. Mən də belə insanam”.

Allahverdiyev "Qarabağ"dan ayrılmasını da istisna etməyib: "Qarabağ"dan ayrılmağım mümkündür. Məsələyə "İnter"lə oyundan sonra aydınlıq gələcək. Hər bir idmançının əsəbləri pozula bilər. Mənim də ciddi istirahətə ehtiyacım var. İnanıram ki, hər şey yaxşı olacaq".
Xatırladaq ki, 27 yaşlı Elnur Allahverdiyev Qurban Qurbanovla birgə futbol da oynayıb. Elnur 1 il öncə məhz Qurbanovun təşəbbüsü ilə "Qarabağ"a transfer olunub. Müdafiəçinin müqavilə müddəti mövsümün sonunda başa çatır.
0