“Xəzər-Lənkəran”la matçda “Neftçi”nin 2 futbolçusu oynamayacaq
27.03.2010 - 12:22
“Xəzər-Lənkəran”la matçda “Neftçi”nin 2 futbolçusu oynamayacaq
“Neftçi” klubu bu gün “Xəzər-Lənkəran”la keçirəcəyi Unibank Premyer Liqasının XXV tur matçına iki futbolçu itkisi ilə çıxacaq. Bu haqda Lent.az-a klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib.

Onun sözlərinə görə, sarı vərəqə limiti dolan Elmar Baxşıyev və komandanın əsas kapitanı Zaur Tağızadə son illərin ən prinsipial görüşünü buraxacaq. Bununla belə, Əşrəfoğlu “Neftçi”nin 3 xal üçün mübarizə aparacağını bildirib: “Biz “6-lıq” mərhələsində məğlub olmayan iki komandadan biriyik. Əvvəlki görüşlərdə “İnter”lə heç-heçə edib, “Bakı”nı yenmişik. “Xəzər-Lənkəran”la qarşılaşmaya isə 3 xal üçün çıxacağıq”.

Qeyd edək ki, Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcək “Xəzər-Lənkəran” – “Neftçi” matçı saat 18:00-da başlanacaq.
0