“Bakı”nın yeni baş məşqçisi Bakıda!
27.03.2010 - 12:25
“Bakı”nın yeni baş məşqçisi Bakıda!
“Bakı” futbol komandasının yeni baş məşqçisi dünyaca ünlü mütəxəssislərdən biri olacaq. Lent.az-ın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, hazırda klub rəhbərliyi bir neçə məşhur mütəxəssislə danışıqlar aparır. Onların əsasən, İtaliya, Rumıniya və Ukraynadan olduqları bildirilir. Hətta həmin mütəxəssislər ölkəmizə dəvət olunublar. Baş məşqçi postuna namizədlər martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Bakı” – “Qəbələ” matçını izləyənlər arasında olacaqlar. “Siz onları görən kimi tanıyacaqsınız” deyə mənbə bildirib.

Hazırda klubun prezidenti Hafiz Məmmədovla türkiyəli vitse-prezident Tunc Afşar ölkə xaricindədirlər. Məmmədovun Avropa ölkələrindən birində istirahətdə, Afşarın isə klubun geyim sponsoru olan “Errea” şirkətinin nümayəndələri ilə danışıqlar aparmaq üçün İtaliyanın Parma şəhərində olduğu bildirilir. Amma əslində hər iki klub rəsmisinin əsas məqsədi potensial baş məşqçilərlə danışıqlar aparmaqdan ibarətdir.

Qeyd edək ki, “Bakı”nın baş məşqçi postu martın 22-də türkiyəli mütəxəssis Bülənt Korkmazın istefa verməsindən sonra boşalıb.
0