150 polis, 200 əsgər və 60 mühafizəçi
27.03.2010 - 16:12
150 polis, 200 əsgər və 60 mühafizəçi
Bu gün “Xəzər-Lənkəran” və “Neftçi” komandaları arasında baş tutacaq futbol üzrə Unibank Premyer Liqasının XXV turunun oyununda təhlükəsizlik tədbirləri yüksək səviyyədə olacaq. Bu haqda Lent.az-a matçın keçiriləcəyi Lənkəran şəhər mərkəzi stadionunun direktoru Höccət Hacıyev məlumat verib. Onun sözlərinə görə, arenada təhlükəsizliyi 150-dək polis əməkdaşı, 200-dək daxili qoşunların şəxsi heyəti və 60-dək xüsusi mühafizəçi qoruyacaq. Hacıyevin fikrincə, bu qədər qüvvə heç də az deyil: “Stadionumuzun girişi az olduğu və hər tərəfdən əhatələndiyi üçün sadalanan sayda şəxsin iştirakı təhlükəsizliyin qorunması üçün yetərlidir”.

Stadionun direktoru azarkeşlərin içəri daxil olarkən, yoxlanılacağını bildirib. Onun sözlərinə görə, mühafizəçilər tamaşaçıların şüşə və 150 qramdan yuxarı qablarla, eləcə də digər yad əşyalarla girişinə imkan verməyəcəklər.

Hacıyev son illərin ən prinsipial qarşılaşmasına azarkeş marağının böyük olduğunu da vurğulayıb: “Oyuna Lənkəranla yanaşı, qonşu Astara, Lerik və Masallıdan da azarkeşlərin gəlişi gözlənilir. Hələlik 3 minədək bilet satılıb. Lakin biletlərin əsasən, oyun günü alındıqlarını nəzərə alsaq, matç saatınadək tribunaların tam dolacağını söyləmək olar”.

Qeyd edək ki, saat 18:00-da başlanacaq görüş öncəsi Lənkərana yağış yağmağa başlayıb.
0