Lənkərandakı qalmaqalın təfərrüatları
27.03.2010 - 20:53
Lənkərandakı qalmaqalın təfərrüatları
Az öncə başa çatan “Xəzər-Lənkəran” – “Neftçi” matçında qalmaqal yaranıb. Apasport.az saytının xəbərinə görə, oyunu idarə edən Əfqan Həmzəyevin yersiz qərarları lənkəranlı azarkeşləri özündən çıxarıb.

Fanatlar qarşılaşmanın sonlarında hakimin qərəzli qərarlarına etiraz əlaməti kimi meydana kənar əşyalar atıblar. Buna səbəb Həmzəyevin bir neçə dəfə bakılıların lehinə qərar verməsi, üstəlik, meydan sahiblərinin iki qolunu hesaba almamasıdır.

Bundan əsəbiləşən “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov bərbad idarəçiliyə görə hakim-inspektor və AFFA nümayəndəsinə irad tutub. Hətta bildirildiyinə görə, meydan sahiblərinin qapıçısı və kapitanı Kamran Ağayev oyunu yarımçıq tərk etmək istəsə də, komanda yoldaşları onu fikrindən daşındırıblar. Oyunun sonlarında cərimə meydançası daxilində top “Neftçi” futbolçularından birinin əlinə dəysə də, Həmzəyev qonaq komandanın qapısına penalti təyin etməyib.

Buna görə azarkeşlər stadiona hücum etmək qərarına gəliblər. Fanatlar oturacaqları sındıraraq meydana atıblar. Hər iki komandanın prezidenti Mais Mənsimovla Sadıq Sadıqovun meydana çıxmasından sonra polis hakimləri və futbolçuları meydandan çıxarıb.

Oyun bir neçə dəfə dayandırılsa da, Həmzəyev ikinci hissəyə cəmisi 2 dəqiqə əlavə edib.
0