“Bakı”nın 6 futbolçusu “ofsayd”da
27.03.2010 - 22:08
“Bakı”nın 6 futbolçusu “ofsayd”da
Sabah Unibank Premyer Liqasının XXV turu çərçivəsində öz meydanında “Qəbələ”ni qəbul edəcək “Bakı” hazırlıqlarını başa vurub. Apasport.az saytının xəbərinə görə, oyun qabağı son məşq komandanın bazasında baş tutub. Təxminən 1 saat davam edən hazırlıq prosesində qarşılaşmanın oyun ərizəsində yer alan futbolçular iştirak edib. Əhməd Ticani, Rafael Əmirbəyov, Adriano, Səbuhi Həsənov, Xalidu Sissoko və Vadim Borets komandadan ayrı çalışıblar.

“Qəbələ” ilə oyunda Adnan Bərəkətin qayıdışı baş tuta bilər. Ərəbəsilli holland yarımmüdafiəçi artıq zədəsini tam sağaldıb və onun adı oyunun protokolunda yer alacaq. Eyni sözləri Alan Vanqa haqda da demək olar. Keniyalı forvard qışda “Bakı”nın sıralarına qatılsa da, hələlik komandanın heyətində rəsmi debüt etməyib. “Qəbələ” ilə oyunda keniyalı futbolçu ən azı ehtiyat oyunçular skamyasında yer alacaq.
Xatırladaq ki, “Bakı” - “Qəbələ” oyunu saat 16:00-da Respublika stadionunda keçiriləcək.
0