“Xəzər-Lənkəran” ölkə çempionatındakı ədalətə inamını itirdi
28.03.2010 - 16:08
“Xəzər-Lənkəran” ölkə çempionatındakı ədalətə inamını itirdi
“Xəzər-Lənkəran” dünən “Neftçi” ilə qalmaqallı oyunla bağlı mövqeyini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, Lənkəran təmsilçisinin rəsmi internet səhifəsində görüşlə bağlı material dərc olunub: “Dünən Unibank Premyer Liqasının XXV turunda “Xəzər Lənkəran” daha mühüm iki xal itirdi. Hakimlər briqadasının damğasını vurduğu oyunda bir neçə şübhəli qərar verildi ki, bunların hamısı rəqib – “Neftçi”nin xeyrinə oldu. Beləcə cari mövsüm keçirilən üçüncü “Böyük oyun”da qolsuz heç-heçə ilə nəticələndi. Lənkərana bir xal üçün gəlmiş “Neftçi” istəyinə çatdı”.

Yazıda matçda iğtişaş yarandığı bildirilir: “Oyun ciddi iğtişaşlarla yadda qaldı. Hətta 82-ci dəqiqədə mühafizə xidmətinin diqqətindən yayınaraq meydana çıxan azarkeşlərdən biri az qala FİFA referisi Əfqan Həmzəyevə fiziki təsir göstərməyə səy etdi. Bundan sonra matçın sonadək oynanılması da sual altında qaldı. Lakin AFFA nümayəndəsi Namiq Məstanovla hakimlərin məsləhətləşməsindən sonra oyun yenidən bərpa edildi.
Vəziyyətin bu həddə çatmasında hakimlər briqadasının matçı birtərəfli idarə etməsinin rolu böyük oldu. Hələ ilk yarının əvvəlində İvan Svetkovun künc zərbəsindən sonra Emeka Opara hamıdan yuxarı tullanaraq gözəl qola imza atarkən hakimlər arasında anlaşılmazlıq yarandı – Əfqan Həmzəyev mərkəzi göstərsə də, yan xətt hakimi Roman Vasilyev bayrağını qaldıraraq, bolqar legionerimizin ötürməsindən sonra topun havada meydanı tərk etdiyini işarələdi. Qol ləğv olundu və tribunalara toplaşmış 12-13 min azarkeş açıq şəkildə hakimləri təhqir etməyə başladı. Daha sonra hakimlər daha bir neçə epizodda şübhəli qərarlar verməklə, gah “Xəzər Lənkəran”ın hücumunun qarşısını alır, gah da “Neftçi”yə təhlükəli zonadan standard vəziyyət hüququ qazandırırdı. Oyunda bir neçə dəfə fasilə yaransa da, hakim ilk yarının əsas vaxtına cəmi bir dəqiqə əlavə etməklə, narazılıq edənlərin əlinə daha bir səbəb verdi. İkinci yarıda yalnız qələbə haqda düşünən lənkəranlılar daha böyük qüvvə ilə irəli atıldılar. Komandamız real qol vəziyyəti yaratmaqda çətinlik çəksə də, hər halda iki-üç epizodda buna nail oldu. Və ən maraqlısı odur ki, bu epizodlarda da səhnəyə çıxan referinin qərarları meydan sahiblərinin əleyhinə oldu. Əvvəlcə ikinci yarıda meydana çıxan Kristian Kabralın yarızərbə-yarıötürməsindən sonra Opara yenə hamıdan hündürə tullandı. Amma ölkə çempionatında havada bəlkə də ən yaxşı futbolçu olan nigeriyalının qapıçı ilə toqquşması fol kimi dəyərləndirildi və topun sonradan tora daxil olması qol olaraq keçərli deyildi. Oyunun son bölümündə isə Mario Souzanın qapıçı ilə üz-üzə qalmasına rəqib müdafiəçilər imkan vermədilər. Kənardan aşkar kobudluq kimi görünən epizodların birində Əfqan Həmzəyev braziliyalı futbolçumuza simulyasiyaya görə sarı vərəqə göstərdi. Nəhayət, daha bir dəfə rəqib cərimə meydanında olan Kristian ötürməsi zamanı top “Neftçi”nin müdafiəçisinin əlinə dəydi. Hakimin fiti bu epizodda da susdu...
Beləcə, ciddi narazılıq fonunda keçən matç “Xəzər Lənkəran” üçün məyusedici nəticələndi. Komandamız iki xalla yanaşı, həm də ölkə çempionatındakı ədalətə inamını itirdi. İş o həddə çatmışdı ki, halal qələbəsi əlindən alınan çoxsaylı azarkeşlərimiz oyundan sonra uzun müddət stadionun giriş qapılarının qarşısını kəsdirərək hakimləri gözləyirdi. Onların axşam Lənkəranı sağ-salamat tərk etməsi üçün klubumuzun mühafizə xidməti və polis işçiləri böyük əmək göstərməli oldular”.
0