“PFL rəhbərliyinin seyrçi mövqedə qalması növbəti rəzilliyə şərait yaradır”
28.03.2010 - 23:47
“PFL rəhbərliyinin seyrçi mövqedə qalması növbəti rəzilliyə şərait yaradır”
“12-ci oyunçu” azarkeş klubu, və “Bosman” fanklubu AFFA prezidenti Rövnəq Abdullayevə müraciət ünvanlayıb. Apasport.az saytının xəbərinə görə, müraciətə Unibank Premyer Liqasının XXV turu çərçivəsində keçirilmiş “Xəzər-Lənkəran” – “Neftçi” görüşündə yaranan qalmaqal səbəb olub. Azarkeşlər fikrincə, bu matçı idarə edən baş hakim Əfqan Həmzəyevin, köməkçiləri Mübariz Həşimov və Roman Vasilyevin ilk dəqiqələrdən birtərəfli və qərəzli mövqe tutublar: “Matç ərzində bunlara əyani sübut kimi bir çox məqamlar oldu ki, biz əsasən dörd məqamı qeyd etmək istəyirik:

1. Birinci hissənin ortalarında “Xəzər Lənkəran” hesabı açmasına baxmayaraq, qol hakim tərəfindən hesaba alınmadı.

2. İkinci hissənin ortalarında “Xəzər Lənkəran”ın tam qaydalar çərçivəsində vurduğu qol yenə hesaba alınmadı.

3. Bundan bir qədər sonra Mario Souzanın cərimə meydançasının 4-5 metrliyində son müdafiəçini də keçib qapıçı ilə təkbətək qalacağı epizodda onun rəqib tərəfindən kobudluqla saxlanılmasına baxmayaraq, birbaşa qırmızı vərəqə epizoduna nəinki sarı vərəqə göstərmədi, hətta oyunu saxlamayıb davam işarəsi verdi.

4. Matçın bitməsinə bir neçə dəqiqə qalmış sağ cinahdan cərimə meydançasına ötürülən topa rəqibin cərimə meydançası içərisində əllə toxunması 11 metrlik cəzalandırılma olmalı idi ki, bunun da üstündən hakimin heç nə olmayıbmış kimi keçdi.

Bütün bu epizodlar oyunu birbaşa izləyən 15 minə yaxın azarkeşin gözü qarşısında baş verdi. Bütün bunlar və bunun kimi qərəzli hərəkətlər nəhayət azarkeşlərin səbrini daşırdı və bəzi xoşagəlməyən hallar ortaya çıxdı. Əlbəttə, biz azarkeş qurumları olaraq bu hərəkətləri dəstəkləmirik və belə halların baş verməməsi üçün səylər göstəririk”.

Bildirilir ki, Peşəkar Futbol Liqasının, Hakimlər Komitəsinin və Hakim-İnspektorlar Komitəsinin rəhbərləri hakim özbaşınalığına rəvac verdikləri üçün dayandırılmalıdırlar.

“Azərbaycan futbolunun imicini və məsuliyyətini daşıyan bir qurumun prezidenti kimi tərəfinizdən bunların dəqiq araşdırılacağına və yalnız bundan sonra qərarların veriləcəyinə ümid edirik. Azərbaycan futboluna kölgə salan belə hakimlər və onları cəzasız qoyan Hakimlər Homitəsinə “dur” deməyin vaxtı çatıb. Oyunu ən aşağı səviyyədə idarə edən hakimlərə, Hakim-İnspektorlar komitəsinin ağlasığmayan formada yüksək qiymətlər verməsi isə qəbul olunmazdır. Bütün bunların fonunda Peşəkar Futbol Liqasının rəhbərliyinin də, olanları seyrçi mövqedə qalaraq izləməsi növbəti rəzilliyə şərait yaratmış olur. İndi bu hallara son qoyulmazsa sonra gec olacaq. Çünki son zamanlar belə halların çoxalması təəssüf doğurur” – deyə qeyd olunur.

Azarkeşlər qeyd edib ki, beynəlxalq futbol qurumları UEFA və FİFA-ya da əllərində olan video görüntülərlə birlikdə müraciət etmək fikrindədirlər.
0