Ağasəlim Mircavadov: Mən oyunun yenidən keçirilməsi haqda yox, səhhətimi düşünürəm
29.03.2010 - 10:58
Ağasəlim Mircavadov: Mən oyunun yenidən keçirilməsi haqda yox, səhhətimi düşünürəm
“Neftçi” ilə oyun haqda danışmaq istəmirəm. Artıq yorulmuşam”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Unibank Premyer Liqasının XXV turunda “Xəzər-Lənkəran” – “Neftçi” matçında (0:0) baş verənlər böyük əks-səda doğurub. FİFA referisi Əfqan Həmzəyevin idarə etdiyi görüşdə meydan sahiblərinin iki qolunun qeydə alınmamağı xoşagəlməz olaylara, böyük insidentlərə rəvac verdi. “Xəzər-Lənkəran” haqlarının tapdalandığından narazı qalsa da, baş məşqçisi bütün bunlarla bağlı söhbətləşməyə elə də maraqlı olmadı. Mircavadov hətta onun haqda danışanlara da cavab vermək istəmədi: “Mən işləməkdən yox, belə haqsızlıqlardan yorulmuşam”.

“Neftçi” ilə oyundan sonra mətbuat konfransına qatılmayan Mircavadov toplantıya köməkçisi Tofiq Mustafayevi göndərib. Məlum olduğu kimi, baş məşqçi mətbuat konfransına qatılmayanda, yarışların əsasnaməsinə görə AFFA-nın İntizam Komitəsi tərəfindən 1000 manat cərimə olunur. Mircavadov jurnalistlərlə görüşə gəlməməsini səhhətindəki problemlə əlaqələndirib: “Həmin anda özümü pis hiss etdiyim üçün gələ bilmədim. Nə oldu, başqaları gəlməyəndə cərimə etmirlər... Nə isə, deyiləsi sözüm yoxdur. İndi çox danışırlar. Maşallah, indi futbol haqda hamı bilir, hamı danışır. Buna görə də mən danışmaq istəmirəm”.

Təcrübəli mütəxəssis İntizam Komitəsindən ədalətli qərar gözləyir: “Bu, mütləq olmalıdır. Futbolumuzun inkişafını istəyiriksə, mütləq ədalətli qərar olmalıdır”.

“Xəzər-Lənkəran”ın rəhbərliyi oyunun yenidən keçirilməsini tələb edir. Maraqlıdır, bəs Mircavadovun bunu istəyirmi?: “Mən oyunun yenidən keçirilməsi haqda yox, səhhətim haqda düşünürəm. Baş verənlərdən sonra özümə gəlmək istəyirəm, vəssalam”.
0