Ceyhun Sultanov: Əfqan Həmzəyev nə etdiyini özü də bilmirdi
29.03.2010 - 11:19
Ceyhun Sultanov: Əfqan Həmzəyev nə etdiyini özü də bilmirdi
“Neftçi” ilə oyunda hakimlik var idi ki, bu haqda fikir bildirəsən. Baş hakim Əfqan Həmzəyevin idarəçiliyi əsəblərə təsir edirdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun futbolçusu Ceyhun Sultanov deyib.

Unibank Premyer Liqasının son turunda Lənkəranda “Neftçi” ilə qolsuz bərabərliklə nəticələnən matçda baş hakim Əfqan Həmzəyevin idarəçiliyindən narazı qalan 31 yaşlı yarımmüdafiəçi 87-ci dəqiqədə sarı vərəqə alıb. Ceyhunun sözlərinə görə, həmin anda əsəblərini cilovlaya bilmədiyi üçün FİFA referisi tərəfindən cəzalanıb: “Baş hakim əsəblərimizlə oynayırdı. Mən də onun növbəti qərarından sonra emosiyalarımı cilovlaya bilmədim və hirslənərək, qışqırdım. Nəticədə Həmzəyev mənə sarı, ardından komanda yoldaşım Ruslan Poladova qırmızı vərəqə göstərdi. Neçə illərdir futbol oynayıram, belə şey görməmişdim. Futbolçu həyatımda ilk dəfə belə hakimlik gördüm. Oyunda nəticəyə təsir edən səhvlərə yol verildi, iki qolumuzu saymadılar. Ümumiyyətlə, mən baş açmadım, baş hakim hansı fikirdə idi. Əfqan Həmzəyev nə etdiyini özü də bilmirdi”.
0