“Bu təyinat əvvəlcədən azarkeşlərin ürəyinə xal salmışdı”
29.03.2010 - 11:30
“Bu təyinat əvvəlcədən azarkeşlərin ürəyinə xal salmışdı”
“Xəzər-Lənkəran” - “Neftçi” matçının “qırılma nöqtəsi” oyuna Əfqan Həmzəyevin hakim təyin edilməsi oldu. Bu təyinat əvvəlcədən azarkeşlərin ürəyinə xal salmışdı. Çünki Həmzəyevin idarə etdiyi qarşılaşmaların çoxu “Neftçi”nin xeyrinə başa çatır. İndi futbol ictimaiyyətinin əksər nümayəndələrində Həmzəyevin “Neftçi”yə işlədiyi barədə fikir formalaşıb. Hərçənd, oyunu Anar Salmanov və ya başqa hakimə tapşırmaq mümkün idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər” telekanalının idman şöbəsinin rəhbəri Emin Abbasov deyib.

Martın 27-də “Xəzər-Lənkəran” və “Neftçi” arasında keçirilən görüşü canlı izləmiş Abbasov fikirlərini bölüşüb. O, qarşılaşma ilə bağlı mübahisəli məqamlardan danışıb: “Konkret oyun epizodlarına gəlincə, “Xəzər-Lənkəran”ın künc zərbəsindən vurduğu birinci qol barədə dəqiq heç nə deyə bilmərəm. Həmin epizodda top sol cinahdan qaldırıldığından, VIP lojadan bunu görmək olmurdu. İkinci qolda isə lənkəranlılar həqiqətən də qaydanı pozmuşdular. Bundan başqa, sonuncu dəqiqələrdə top “Neftçi”nin müdafiəçisi Ruslan Abışovun əlinə dəymişdi. Amma bu zaman penalti vermək lazım olub-olmadığını mütəxəssislər deyə bilər”.

Abbasov bildirib ki, görüşün baş hakimi Əfqan Həmzəyev “Xəzər-Lənkəran”ın lehinə də səhv qərarlar verib: “O, 1-2 epizodda, o cümlədən Oparanın oyundankənar vəziyyətində meydan sahiblərinin xeyrinə qərar verdi. Həmzəyev xırda cərimə zərbələri ilə oyunu “öldürdü”. Bir məqamı da qeyd etmək istəyirəm. İlk hissədə oyun 4-5 dəqiqə dayansa da, baş hakim əsas vaxtı cəmi 1 dəqiqə artırdı. İkinci hissədə bundan da pis hal yaşandı. “Xəzər-Lənkəran”ın azarkeşləri əsl fanat olduqlarından stadiona hətta saniyəölçən də gətirirlər. Onların hesablamalarına görə, ikinci hissədə oyun 6 dəqiqə 32 saniyə dayanmışdı. Lakin Həmzəyev cəmi 2 dəqiqə artırma vaxt təyin etdi. Özü də artırma vaxtdan təxminən 30 saniyə oynanıldıqdan sonra hər iki klubun rəsmiləri, təhlükəsizlik xidmətinin əməkdaşları meydançaya daxil oldular, “Neftçi”nin futbolçuları isə meydançanın kənarına çıxdılar. Həmzəyev elə bu epizodda final fitini səsləndirdi. Ümumiyyətlə, PFL klub rəsmilərinin, eləcə də digər şəxslərin meydançada olduqları vaxt final fitini səsləndirməyin düzgün olub-olmadığını araşdırmalıdır”.

Həmkarımızın sözlərinə görə, yerli azarkeşlər arzuolunmaz vəziyyət törədə bilərmiş: “Maraqlıdır ki, bütün narazılıqlara baxmayaraq, “Xəzər-Lənkəran” və “Neftçi” futbolçuları arasında heç bir mübahisə, problem olmadı. Onlar oyunun gedişində bir-birlərinə qarşı yaxşı davrandılar. “Xəzər-Lənkəran”ın azarkeşləri çox həssasdır. Allah eləməmiş, “Neftçi” axırıncı dəqiqələrdə qol vursaydı, 14 min yerli azarkeş qiyamət qoparacaqdı”.
0