Rəzalət və saray çevrilişinə hazırlıq
29.03.2010 - 12:20
Rəzalət və saray çevrilişinə hazırlıq
Azərbaycan futbolu ötən şənbə daha iki biabırçılıq yaşadı. Turun iki önəmli oyunu ekrana çıxarılmadı və hakimlər Lənkərandakı futbol bayramını sirkə çevirdi...

Elsevər Dünyamalıyevin hansı bəhanəyə sığınıb-sığınmamasından asılı olmayaraq, “böyük oyun”un və Quzanlıdakı qarşılaşmanın tamaşaçıların mühakiməsinə verilməməsi Azərbaycan futboluna həqarət, Az.TV-nin, eləcə də AFFA ilə PFL-in futbola və futbolsevərlərə xəyanətidir. “Böyük oyun” ölkədaxili yarışlardan ən reytinqlisidir. Nəinki futbolda, heç voleybol və basketbolda da hansısa görüşün 15 min azarkeş yığacağını gözləməyə dəyməz. Deməli, çempionatın təşkilinə cavabdeh olan Ramin Musayev də ya bu oyunu azarkeşlərə izlətməli, ya da özü gedib yerində izləməliydi. Premyer Liqanın adını ölkədən kənarda da tanıtmaq, onun imicini möhkəmlətmək naminə "böyük oyun" çox gözəl şans idi. Amma Arif Alışanovun rəhbərlik etdiyi qeyri-peşəkarlar dəstəsi bu oyunun ekrana çıxmaması, deməli, həm də istənilən hoqqabazlığa meydan olması baxımından əlindən gələni etdi. Bütün futbolsevərlər kimi, mənim də çox şey umduğum Ramin Musayev isə problemi aradan qaldırmaq əvəzinə Az.TV-yə etirazını bildirəcəyini dedi. Belə nağılların yeri deyil, Ramin bəy, siz istəsəydiz, Azərbaycan bu oyunu görərdi. Bilirsizmi, niyə belə deyirəm? Hər şey çox sadə məntiqin arxasında gizlənir: sizin böyüyünüz Rövnəq Abdullayev Elsevər Dünyamalıyevin böyüyü Arif Alışanovdan daha böyükdü! Yəni bu ölkədə yüzminlərlə futbol azarkeşinin marağı AFFA və ya PFL prezidentinin bir kəlməsinə dəymir?

Sözün bütün mənalarında böyük olan oyunun göstərilməməsi istər-istəməz hər cür şübhələrə yol açır. Mən özümdə olan informasiyaları Ramin bəy və publika ilə bəribaşdan bölüşürəm ki, arada umu-küsü qalmasın. Lənkərandakı oyundan bir saat sonra Musayevin də yaxşı tanıdığı futbol funksioneri mənə zəng edərək, eyhamla soruşdu: "Guya sən bilmirsən ki, niyə Lənkəranda belə edirlər". Belə aydın olur ki, Azərbaycan futboluna rəhbərlik edənlər hansı yolla olur-olsun "Neftçi"ni Avropaya dartmaq xəttini tutub. Və "Bakı" ilə oyunun ölkənin əsas idman qurğusunda yox, Suraxanıda keçirilməsi, Lənkərandakı oyunun göstərilməməsi, şübhəli penaltilər, sayılmayan qollar bu məkrli planın tərkib hissələridi. “Neftçi" bugünkü oyununa görə Avropaya getməyə layiqdisə, qoy getsin. Amma kimlərsə bu yolda paytaxt klubuna qoşqu rolunu oynayırsa, deməli, Azərbaycan futbolu 15 il əvvələ qayıdır.

Yəqin ki, bir müddətdən sonra aktuallaşacaq, bu gün üçün isə çox dar dairədə dolaşan daha maraqlı versiyalar var. Məndə olan bilgiyə görə, Ramin Musayevin "Neftçi"yə dönüşü, Sadıq Sadıqovun isə PFL tranziti ilə AFFA prezidenti postuna oturdulması nəzərdə tutulur. Bütün bu planların nüvəsini də "Neftçi"nin daim üzdə (oxu: Avropada) olması haqda ideya təşkil edir.

Ramin bəy arzulayacağı təqdirdə lap elə "Futbol+"in səhifələrində yuxarıda açıqladığım versiyalara münasibətini izhar edə bilər. Amma bir məqam qəti şəkildə aydındı ki, PFL prezidentinə Lənkərandakı biabırçılığın altından çıxmaq çox çətin olacaq. Şəkillərə baxanda belə Əfqan Həmzəyevin Oparanın oyunun əvvəlinə təsadüf edən zərbəsindən sonra mərkəzi göstərdiyi açıq-aydın görünür. Görünür, çimərlik futbolunda oyunları idarə edərkən bu məşhur hakimin gözünə qum dolub. Yoxsa bir oyunda bu qədər çox səhvə yol verməzdi. Bəlkə də Əfqan bəy yuxarıların planının gerçəkləşməsi üçün özünü görməzliyə vurur. Bu variant doğrudusa, onda peşə prinsiplərinə xəyanət edib və beləsini elə kötəkləməklə başa salmaq lazımdı.

Çox güman, AFFA İntizam Komitəsi "Xəzər Lənkəran"ı və Lənkəran stadionunu hansısa sanksiyaya məruz qoyacaq. Sonra cənubluları ovutmaq üçün bəlkə Əfqan Həmzəyevi də yüngülvari istirahətə göndərələr. Amma bütün bu addımlar şənbə biabırçılığını unutdurmayacaq. Olanların obyektiv araşdırılması, Lənkərandakı oyunun məhz belə nəticələnməsində maraqlı olan tərəflərin üzə çıxarılması üçün ciddi və üzvləri müstəqil düşüncə qabiliyyətinə malik Ekspert Komissiyası lazımdı. Daha indi AFFA-nın nəzdində olan və yuxarıdan gələn hər qərara "ləbbeyk" deyən ekspertlər yox.

...Ötən şənbə Azərbaycan futbolunda çox böyük rəzalət tamaşası oynanıldı. Ssenari AFFA ilə PFL-dən, rejissor işi və səhnə tərtibatı Az.TV-dən gəldi. Pərdəni qaldırıb-endirən isə hoqqabaz referi Əfqan Həmzəyev idi. Hamınıza ayıb olsun!

HUŞƏHG, “Futbol+” qəzeti
0