“Mais Mənsimov olmasaydı, həmin vaxt faciə baş verərdi”
29.03.2010 - 13:23
“Mais Mənsimov olmasaydı, həmin vaxt faciə baş verərdi”
“Lənkəran stadionunda baş verənlər baş hakimə görə oldu. Əfqan Həmzəyev 90 dəqiqə yanlış qərarları ilə azarkeşləri kənar əşyalar atmağa təhrik etdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Lənkəran şəhər mərkəzi stadionunun direktoru Höccət Hacıyev deyib.

Unibank Premyer Liqasının son turunda “Xəzər-Lənkəran” – “Neftçi” oyununun keçirildiyi stadionda insidentlər baş verdi. Hacıyev buna görə baş hakim Əfqan Həmzəyevi günahlandırdı: “O, oyunda 1-2 yox, 10-15 səhv qərar verdi. Biz Əfqan Həmzəyevin idarəçiliyinə etirazımızı bildirmişik. Baş hakim belə bərbad idarəçiliyi ilə azarkeşlərimizi qızışdırırdı. Sağ olsun, klubumuzun prezidenti Mais Mənsimov. O olmasaydı, azarkeşlər meydançaya çıxacaqdı. Həmin vaxt meydanda yüz faiz ölüm hadisəsi baş verə bilərdi. Allah bizi bundan qurtardı. Amma təhlükəsizlik xidməti, asayiş keşikçilərinin birgə əməyi sayəsində faciənin qarşısı alındı. Bütün bunlara səbəbkar isə Həmzəyevin idarəçiliyidir. Biz obyektiv hakimlik istəyirik”.

Direktorun sözlərinə görə, stadionda təhlükəsizlik nə qədər yüksək səviyyədə olsa da, kütlənin qarşısını almaq çətin məsələdir: “Stadionumuzda təhlükəsizlik zolaqları, 2 metr hündürlüyündə dəmir hasarlar var. Özümüzün 50 nəfərdən ibarət təhlükəsizlik xidmətimiz var. Bundan əlavə, oyunlar zamanı 200-ə yaxın daxili qoşunların, 100-dək polis nümayəndələri gəlir. Ancaq onların ümumilikdə sayı 1-2 min olsa belə, 10-15 min azarkeşin qarşısında aciz qalacaqdı. Oyundan sonra qonaq komandanın nümayəndələrinə baş verənlərə görə üzrxahlıq, stadiondan yola salınmasına kömək etdim. Bu zaman “Xəzər-Lənkəran” avtobusundan istifadə etdik”.

Hacıyev baş verənlərlərlə bağlı sorğu-suala tutulduğunu da gizlətmədi: “Ancaq bu, AFFA, PFL-dən yox, yerli polis tərəfindən aparılıb. Məni polis şöbəsinə aparmayıblar. Sadəcə, stadionda baş verənlərlə bağlı soruşdular və mən də onların suallarını cavab verdim. Polis baş verənlərlə bağlı araşdırma aparır”.
0