Ruslan Poladov: Hakimi nə söymüşəm, nə də vurmuşam, amma...
29.03.2010 - 14:47
Ruslan Poladov: Hakimi nə söymüşəm, nə də vurmuşam, amma...
“Neftçi” ilə oyunda ehtiyatda oturduğum halda, mənə niyə qırmızı vərəqə göstərildiyini baş hakim Əfqan Həmzəyevdən soruşmaq lazımdır. Mən sadəcə, bir epizodda yan xətt hakiminə etirazımı bildirdim. Nə vaxtdan buna görə futbolçuya birbaşa qırmızı vərəqə göstərilir?” Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun futbolçusu Ruslan Poladov deyib.

31 yaşlı müdafiəçi Unibank Premyer Liqasının XXV turunda “Neftçi” ilə ev oyununda meydana çıxmasa da, 90+1-ci dəqiqədə qırmızı vərəqə alıb. Futbolda nadir hallarda baş verən bu hadisəni təəccüblə qarşılayan Ruslan haqqında çıxarılan qərarı haqsız sayır: “Həmin epizodda top rəqibin əlinə dəydiyi halda, yan xətt hakimi bayrağını qaldırmadı. Halbuki bu, düz onun gözü qabağında baş vermişdi. O bayrağını qaldırmaqla işarə etməli idi. Ancaq yan xətt hakimi bunu etməyincə özümü saxlaya bilmədim. Bilirsiniz, meydanda olanda komandaya kömək edə bilirsən. Ancaq ehtiyatda oturanda belə imkandan məhrum olduğu üçün adamın ürəyi partlayır. Üstəlik, də belə hakimlik...Yan xətt hakiminin həmin epizoda laqeydliyini görəndə, səbrim çatmadı və narazılığımı bildirdim. Baş hakim bunu görərək düz yanıma gəlmədi və niyə belə etdiyimi soruşmadan mənə qırmızı vərəqə verdi. Səbəb kimi aqressiv hərəkət etməyim göstərilir. Axı belə şey etməmişəm. Mən hakimi nə söymüşəm, nə də vurmuşam. Belə olan halda, niyə qırmızı vərəqə almalıyam ki? Etirazıma görə sarı vərəqə göstərmək olardı”.

Poladov bütün məsuliyyəti baş hakimin üzərinə atmağı düzgün saymır: “Yan xətt hakimindən soruşuram ki, əllə oyunu niyə qeydə almırsan? Cavabı “baş hakim fitini səsləndirib, cərimə zərbəsini verdi” oldu. Elə isə onda niyə sənə bayrağı veriblər. Yan xətt hakimi lazım deyilsə, oyunu elə bir hakim idarə etsin də. Yan xətt hakimlərini baş hakimə kömək etmək üçün göndərirlər. Ancaq onlar hətta gözü qabağında baş verəni qeydə almır və bütün məsuliyyəti baş hakimin üzərinə atırlar ki, bu da düzgün deyil”.
0