Əfqan Həmzəyev və “Neftçi”: 5 oyun, 11 xal!
29.03.2010 - 16:08
Əfqan Həmzəyev və “Neftçi”: 5 oyun, 11 xal!
Qalmaqallı “Xəzər-Lənkəran” – “Neftçi” qarşılaşmasını idarə edən Əfqan Həmzəyev mövsümdə beşinci dəfə paytaxt təmsilçisinin oyununda fit çalıb. Apasport.az saytının məlumatına görə, şənbə günü Lənkəran şəhər stadionunda baş verən iğtişaşların əsas səbəbkarlarından sayılan, şübhəli qərarları ilə azarkeşləri özündən çıxaran 35 yaşlı çimərlik hakimi “Neftçi”nin əvvəlki matçlarında da əsas “qəhrəman”lardan olub. Cari mövsüm uğursuz çıxış edən bakılılar xallarının böyük hissəsini də bu qarşılaşmalarda qazanıb. Konkret desək, Həmzəyevin matçları “Neftçi”yə 11 xal gətirib. Bu görüşlərin və çimərlik hakiminin qərarlarına nəzər salmaq maraqlı olardı...

Ötən il dekabrın 5-də Həmzəyevlə “ağ-qaralar” Tovuzda “tanış” oldular. Həmin tanışlıq məşhur qalmaqalın əsasını qoydu. Danışılmış oyun kimi yaddaşlara köçən “Turan” – “Neftçi” matçının hakimi iki tərəfin razılaşdırdığı tamaşanın adi tamaşaçısı olmaqla kifayətləndi. Çünki ilk yarıda iki qol buraxıb, fasilədən sonra üçünü vuran qonaqların qələbəsi üçün ona heç ehtiyac da yox idi. Belə ssenarili matçda Həmzəyev tovuzlulara bir sarı vərəqə göstərməkdən başqa, heç nə edə bilmədi.

Tovuzdakı həmin oyundan 15 gün sonra Həmzəyev ölkənin ən titullu klubunun autsayder “Standard”la matçında fit çalırdı. Paytaxtda baş tutan görüşdə referi qonaqları azlıqda qoydu. Həmzəyev 2:0 bitən matçın 80-ci dəqiqəsində sumqayıtlıların arxa xəttinin aparıcı simalarından Ramin Quliyevi meydandan qovmuşdu.

Bu il fevralın 13-də Həmzəyev “Karvan”a nəhs anlar yaşatdı. “Standard” kimi autsayder olan Yevlax təmsilçisinin öz meydanındakı məğlubiyyətini də məhz baş hakim rəsmiləşdirdi. Matç ərzində meydan sahiblərinin iki futbolçusunu qovan Həmzəyev Şəhriyar Rəhimovu 58, İsmayıl Məmmədovu 89-cu dəqiqədə meydandan kənarlaşdırdı. Kapitana göstərilən ikinci qırmızı 0:1 hesabı ilə geridə olan “Karvan”ın son saniyələrdəki müqavimətini də qırdı. Çünki bu qırmızı vərəqələrə qədər referi görüşün taleyini həll edən penalti qərarını vermişdi. Adrian Neaqa isə həmin şansdan yararlanaraq, 1:0 hesablı qələbəni təmin etmişdi.

Premyer Liqanın final mərhələsinin ilk oyununda da Neaqa Həmzəyevin əziyyətini yerə vurmadı. “İnter”in qapısına təyin edilən penaltini qola çevirən rumıniyalı futbolçu referinin qərarı sayəsində komandasını məğlubiyyətdən qurtardı. Final fitinə 13 dəqiqə qalmış “ağ-qaralar”ın 0:1 hesabı ilə uduzduğu vaxtda təyin olunan penalti qonaqlar üçün göydəndüşmə olub. Matç elə 1:1 hesabı ilə başa çatdı. Lakin “Neftçi” Həmzəyevin bu mövsüm idarə etdiyi qarşılaşmalarda ilk dəfə xal itirib.

Həmzəyevin “Neftçi”nin iştirakı ilə idarə etdiyi 5-ci oyun isə əsl “BÖYÜK OYUN” oldu. Bakılılar əvvəlki 4 görüşdə olduğu kimi, yenə uduzmadı. “Xəzər-Lənkəran”ın ehtiyat oyunçular skamyasında oturub qırmızı vərəqə alan Ruslan Poladov isə 4-cü futbolçu oldu ki, “Neftçi” ilə matçlarda bu aqibəti yaşadı.

Yeri gəlmişkən, Həmzəyevin “day-dayısı” olan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Tovuzdakı oyunun danışılmış olduğunu təkzib etmişdi. Halbuki, Musayev özündə cəsarət tapıb, həmin şounun ciddi araşdırılmasını istəmədi. Heç satılmış oyunu “araşdıran” Ekspert Komissiyasının tərkibi də açıqlanmadı. Kim bilir, bəlkə də həmin komissiyada Musayevin özü ilə yanaşı, flaqmanın vitse-prezident postuna gətirdiyi Tahir Süleymanov və elə Həmzəyev yer almışdı.

Musayev indi də təkzibdən əl çəkmir. O, “Xəzər-Lənkəran” – “Neftçi” matçındakı biabırçılığa görə, Həmzəyevin müdafiəsinə qalxıb. Bu da təbiidir. Adam üzləşdiyi çətin vəziyyətdən çıxmalıdır axı. Amma futbola dünən gələn PFL başqanının saçı futbolda ağaran Ağasəlim Mircavadovun ünvanına işlətdiyi “Gənc Arif Əsədov, Qurban Qurbanovla bacarmayan Mircavadov günahı hakimdə deyil, özündə axtarsın” ifadəsi ona başucalığı gətirmədi. Hər halda, Əsədovun flaqmanda tutduğu vəzifənin müvəqqəti olmasını hamı bilir, mövsümün sonunda postunu yenə itirəcək. Qurban Qurbanova gəlincə, 25-30 il sonra ondan Mircavadov səviyyəli məşqçi ola, ya olmaya. Eləcə də, Əsədovdan!
0