“Xəzər-Lənkəran” – “Neftçi” oyununda rekord!
29.03.2010 - 16:33
“Xəzər-Lənkəran” – “Neftçi” oyununda rekord!
Unibank Premyer Liqasının XXV turu çərçivəsində “Xəzər-Lənkəran” – Neftçi” oyununda rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, martın 27-də qolsuz bərabərliklə nəticələnən görüşü 14 min azarkeş izləyib və bu, cari mövsümün mütləq rekordudur.

Maraqlıdır ki, bunadək olan rekord da bu komandaların Lənkərandakı görüşündə qeydə alınıb. Belə ki, “Xəzər-Lənkəran”ın “Neftçi” ilə ötən il noyabrın 8-də Lənkəranda 0:0 hesabı ilə nəticələnən ev oyununu 12 min azarkeş izləmişdi. Beş rəqəmlə ifadə olunan (yəni 9999-dan çox) tamaşaçı sayının qeydə alındığı üçüncü – sonuncu oyun da Lənkəran şəhər stadionunda baş tutub.

“Xəzər-Lənkəran”ın ötən il avqustun 21-də “İnter” üzərindəki 1:0 hesablı qələbəsini 10500 nəfər izləyib. Göründüyü kimi, mövsümün ən çox izlənilən üç matçı “Xəzər-Lənkəran”ın ev oyunu olub.

Qeyd edək ki, Azərbaycan çempionatı və kuboku yarışlarının tarixinin rekordu da “Xəzər-Lənkəran” - “Neftçi” oyunlarında qeydə alınıb. 2004/05 mövsümünün Gəncədə keçirilən “Qızıl oyun” və 2006/07 mövsümündə Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş 25 min azarkeş toplamışdı.
0