Rəşad Abdullayev: Hakim lənkəranlı azarkeşləri qıcıqlandırdı
29.03.2010 - 17:36
Rəşad Abdullayev: Hakim lənkəranlı azarkeşləri qıcıqlandırdı
Bakının “Neftçi” klubunun futbolçusu Rəşad Abdullayevin apasport.az saytına müsahibəsi

- “Xəzər-Lənkəran” - “Neftçi” derbisində ən çox iştirak edən futbolçu kimi, son görüş haqda fikirlərinizi bilmək maraqlı olardı...
- Bu komandalar arasındakı görüş Azərbaycan futbolunda həmişə derbi sayılıb. Oyunların demək olar hamısında iştirak etmişəm. Əvvəllər “Xəzər-Lənkəran”da oynayırdımsa, cari mövsümdən “Neftçi”nin formasını geyinirəm. Lənkərandakı oyunda stadion tam dolmuşdu. Bu qədər azarkeşi görmək bizi sevindirirdi. Lənkəranda hətta rəqib kimi oynamaq adama zövq verir. Neçə vaxt idi ki, bu qədər azarkeş qarşısında oynamırdıq. Bu mənada xoş təəssüratlar oldu. Görüş həmişə olduğu kimi, gərgin və maraqlı alındı. Düzdür, bu dəfə xoşagəlməz hadisələr yaşandı ki, bu da təəssüf doğurur. Azərbaycan futbolunda belə halların olması arzuolunmazdır. İstəməzdim ki, belə hadisələr baş versin.

- İndi oyunun daha çox qalmaqalla bağlı tərəfi müzakirə obyektinə çevrilib. Şəxsən sizə yaxşı tanış olan lənkəranlı azarkeşlərin çılğın hərəkətlərini nə ilə izah edərdiniz?
- “Xəzər-Lənkəran” üçün “Neftçi” ilə oyunlar çox vacibdir. Mən bunu hələ “Xəzər-Lənkəran”da oynadığım vaxtdan bilirəm. Lənkəranlı azarkeşlər evdə uduzmağı sevmirlər. Xüsusilə, “Neftçi”yə məğlub olmağı. Onlar derbi oyunlarda daha çox çılğın olurlar. Bu da “Neftçi” üzərində qələbə qazanmaq istəyinin böyük olmasından irəli gəlir. Bu dəfə hakimlik yerli azarkeşlərə qığılcım verdi və onlar əsəblərini qoruya bilmədilər. Nəticədə oyundan sonra xoşagəlməz olaylar yaşandı.

- Komandanız oyundan sonra problemlə üzləşib. Avtobusunuza hücum çəkilib, rumın futbolçunuz Adrian Neaqa xəsarət alıb...
- Azarkeşlərin avtobusa daş atması nəticəsində şüşə sındı və nəticədə Neaqa xəsarət aldı. Ancaq ümumilikdə bizə qarşı ciddi problem olmadı. Onlar bizi pis qarşılamadılar. Lənkəranlı azarkeşlərin şəxsən mənə qarşı münasibəti yaxşıdır. Onları əsas narazı salan hakimlik idi.

- “Xəzər-Lənkəran” qapınıza vurulan qolların qeydə alınmamasından narazı qalıb. Həmin epizodlar haqda nə deyə bilərsiniz?
- Həmişə obyektiv danışmağı sevmişəm. Rəqibin başla vurduğu ilk qolda, künc zərbəsi yerinə yetirilən zaman dirəyin yanında dayanmışdım. Bu səbəbdən epizodu dəqiq görmüşəm. Yan xətt hakimi “Xəzər-Lənkəran”ın futbolçusu künc zərbəsini yerinə yetirdikdən sonra topun auta çıxdığına işarə etdi. Baş hakim isə bunu bir qədər sonra gördü və həmin vaxt “Xəzər-Lənkəran”ın futbolçuları artıq vurduqları qola sevinirdilər. Baş hakim köməkçisinin bayrağını qaldırmasını görəndən sonra qolu saymadı. Əfqan Həmzəyev epizodu dərhal qeydə almamaqla, publikanı ayağa qaldırdı. İkinci qola gəlincə, həmin vaxt qapıçımız Paulius Qribauskasa qarşı hücum var idi. Baş hakim top hələ göydə olarkən fitini səsləndirmişdi. Bundan sonra top Mario Souzaya düşdü və o da topu qapıdan keçirmişdi. Yəni, həmin epizodda qayda pozuntusu olduğu üçün qol yox idi.

- “Xəzər-Lənkəran” topun Ruslan Abışovun əlinə dəydiyi üçün penalti təyin olunmamasından da şikayətçidir...
- Açığı, həmin epizodu uzaqda olduğum üçün dəqiq görə bilməmişəm. Bu epizodla bağlı müxtəlif fikirlər səslənir. Yəni, söhbətin əllə oyundan, yoxsa topun əli tapmasından getməsini dəqiq müəyyənləşdirmək lazımdır. Ruslan da oyundan sonra dedi ki, həmin epizodda əllə oynamayıb. Həmin epizoda mütəxəssislər dəqiq qiymət verirlər.

- Lənkəranlılar hakimin qərəzli idarəçiliyindən, onun sizə tərəfkeşliyindən danışırlar. Siz bunlarla razılışarsınız?
- Yox, belə deyil. Həmin oyunda meydanda hər şey əla olsa da, indi oyundan daha çox hakimlik haqda danışırlar. Belə demək olar ki, biz Lənkəranda yaxşı oynadıq. “Xəzər-Lənkəran” həmin gün meydanda elə də güclü görünmürdü. Düzdür, rəqib yaxşı oynadı. Ancaq bundan əvvəlki 0:0-da olduğu kimi, böyük təzyiq yox idi. “Xəzər-Lənkəran” həmin görüşdə daha güclü təsir bağışlamışdı.

- Ümumiyyətlə, Əfqan Həmzəyevin idarəçiliyi sizi nə dərəcədə razı saldı?
- Fikrimcə, əsas problem ilk qolla bağlı oldu. Qalan epizodlarda kiçik follarla bağlı ciddi problem yaranmadı. Əfqan Həmzəyev ilk qol vurulan vaxt qərar çıxarmamaqla, lənkəranlı azarkeşləri qıcıqlandırdı. Ümumiyyətlə, oyunda hansısa komandaya tərəfkeşliyə razı olmaram. İstəmərəm ki, kimisə əziyyətə, sıxma-boğmaya salsınlar.
0