Tuyqun Nadirov: Baş hakim Lənkərana sifarişli şəkildə gəlmişdi - MÜSAHİBƏ
30.03.2010 - 10:01
Tuyqun Nadirov: Baş hakim Lənkərana sifarişli şəkildə gəlmişdi - MÜSAHİBƏ
“Xəzər-Lənkəran” futbol klubunun vitse-prezidenti Tuyqun Nadirovun Lent.az-a müsahibəsi

- “Xəzər-Lənkəran” – “Neftçi” matçının hakimliyi haqda hansı fikirdəsiniz?
- Bu, “kor-kor, gör-gör” məsələdir. 15 min tamaşaçının gözləri qarşısında baş verən biabırçılıqdır. Mən son illər ərzində belə biabırçılıq görməmişdim. Hansısa epizodlarda hakim haqsızlıqlarına rast gəlmişdim. Amma “Neftçi” ilə qarşılaşmada 90 dəqiqə ərzində bu boyda hörmətsizlik... Bu gün Azərbaycan futbolu inkişafdadır. Amma hakimin belə qərarları futbolumuza ləkədən başqa bir şey deyil.

- Baş hakim Əfqan Həmzəyev bildirir ki, Lənkəranda baş verənlər əvvəlcədən hazırlanmış təxribat idi. Yəni, əvvəlcədən Həmzəyevin “Neftçi”nin tərəfini saxlayan hakim olduğu haqda rəy yaradılıbmış...
- Hakimlər briqadasının buraxdığı 8 səhvin əks olunduğu videokaseti martın 29-da AFFA-da olarkən də göstərdim. 9-cu səhv isə ondan ibarətdir ki, I hissəyə bir, II hissəyə isə iki dəqiqə əlavə olunub. Bu epizodlara hakim nə şərh verə bilər? Bu adam özü sifarişli şəkildə gəlmişdi. Onun cari mövsüm idarə etdiyi oyunları bir-bir nəzərdən keçirsək, necə hakim olduğunu görərik. “Simurq”la matçımızda da nə səviyyədə hakimlik etdiyi məlumdur. Qol vurmuşuq, saymayıb. Oyunun sonuna 10-15 dəqiqə qalmış hansı oyunlardan, biabırçılıqlardan çıxdığı bəllidir. Söhbət təkcə Əfqan Həmzəyevdən getmir. Fariz Yusifov “İnter”lə bundan əvvəlki matçımızı biabırçı idarə etdi. Qapımıza qərəzli penalti təyin etdi. “Neftçi” ilə oyun isə kulminasiya nöqtəsi idi. 90 dəqiqə ərzində bizə qarşı təxribat, qərəzli qərarlar qəbul edildi.

- Əfqan Həmzəyev “Xəzər-Lənkəran”ın Unibank Premyer Liqasında 4 oyununu idarə etdiyini və hamısında komandanızın qalib gəldiyini bildirir. Hətta bu qələbələrdən 3-ü səfər matçlarınıza təsadüf edib. Həmzəyev deyir ki, qərəzi olsaydı, bu oyunları qələbə ilə tərk etməzdiniz...
- Söhbət təkcə onun yox, bir qrupun, bir dəstənin qərəzli olmasından gedir. Bunların da nədən irəli gəldiyini bilmirəm.

- Bir qrup, bir dəstə dedikdə, kimləri nəzərdə tutursunuz?
- Həmin hakimə söz deməyən və belə oyunları aparanları.

- Konkret ad çəkə bilərsiniz?
- Bu, artıq federasiya rəhbərliyinin işidir. Qoy, araşdırsınlar ki, nəyə görə hakim 15 min tamaşaçının qarşısında belə oyun apardı və əvvəlki görüşlərdə də qərəzli mövqe tutdular? Biz AFFA rəhbərliyinə müraciət etmişik. Onlar araşdırıb, müəyyənləşdirməlidirlər. Bu, bizim səlahiyyətimizdə deyil.

- Sözlərinizdən belə çıxır ki, hakimlər özbaşına qərar vermirlər...
- Mən bilmirəm, o hakim hansı kluba xidmət edir və ya kimlərin marağını güdür. Hər halda, kiminsə marağını güdür ki, komandamıza qarşı qərəzli mövqe nümayiş etdirir də.

- Hakimin qərəzli qərarlarını gördükdə, klublar adətən, federasiyaya şikayət edirlər. Sizin də belə fikriniz var?
- Biz hələ “İnter”lə oyunumuzdan dərhal sonra AFFA-ya müraciət etmişdik. “Neftçi” ilə qarşılaşmanın ardından da federasiyaya şikayət ünvanlamışıq.

- AFFA-da kimlərlə görüşlər keçirdiniz?
- Ekspert Komissiyasının üzvləri ilə.

- Onlar hakimin səhvə yol verdiyi haqda bir söz demədilər?
- Bizi fikrimizi öyrənməyə çağırmışdılar. Mövqeyimizi dinlədilər. Ekspert Komissiyası son iki oyunla bağlı müraciətlərimizi araşdırır. Bizə kimin haqlı, kimin haqsız olduğunu deyə bilməzdilər.

- AFFA İntizam Komitəsinin çıxaracağı qərarın ədalətli olacağını güman edirsiniz?
- Biz öz mövqeyimizi ortaya qoymuşuq və sözümüzü demişik. Müvafiq materialları da təqdim etmişik. Qərar qəbul etmək isə onların işidir.

- Ölkə rəhbərliyinə müraciət etmək və hətta Premyer Liqanı tərk etmək fikrində olduğunuz doğrudur?
- Bəli. Bunlar istisna deyil. Əgər ədalət öz yerini tutmayacaqsa, belə vəziyyətdə çempionatı davam etdirməyin nə mənası var?

- Belə bir qərar qəbul etmək istəyinizdən fəxri prezidentiniz Mübariz Mənsimovun xəbəri var?
- Bu, klubumuzun prezidenti Mais Mənsimovun qərarıdır. Klubdaxili iclasda belə mövqeyimiz olmuşdu. Yəni, klubumuzun mövqeyi budur.

- Bundan öncə Peşəkar Futbol Liqası ilə aranızda “banner qalmaqalı” baş vermişdi. İndi isə hakimliklə bağlı problemlərdən şikayətlənirsiniz. Bu problemlərin məqsədli şəkildə yaradıldığını düşünmürsünüz?
- “Banner qalmaqalı” ilə bağlı AFFA İntizam Komitəsinin çıxardığı qərarı Apellyasiya və Ekspert Komissiyası ləğv etdi. Biz bu məsələdə qalib gəldik. Bannerləri meydançanın 25 faiz yox, 2 faiz bölümündə və istədiyimiz yerdə yerləşdirmək hüququ əldə etdik. Amma bu gün söhbət hakimlikdən, daha dəqiqi neçə oyundur ki, qərəzli hakimlikdən gedir. Bunu başqa istiqamətə yönləndirmək lazım deyil.

- Artıq neçənci haldır ki, azarkeşlər “Xəzər-Lənkəran”ı çətin vəziyyətdə qoyurlar. Hakimin səhvləri onların bu cür iğtişaşlar törətməsinə imkan verirmi?
- Bu mövsüm meydançaya elə də çox yad əşya atılmayıb. Digər komandalarla müqayisədə qat-qat azdır. Biz belə hallara görə azarkeşlərimizə haqq qazandırmarıq. Amma burada günahı hakimdə axtarmaq lazımdır. Niyə o, sövq edir, təxribatlar yaradır ki, azarkeşlər də meydançaya daxil olur, əsəblərini cilovlaya bilmirlər?

- Bəs stadionda təhlükəsizliyi təmin etməli olan şəxslərdə bir günah görmürsünüz?
- 15 min tamaşaçı qarşısında polislər, daxili qoşunların əsgərləri və stadionun təhlükəsizlik xidməti əməkdaşları dayanmışdılar. Hakim o cür qərarlar qəbul etdikdə, bu qədər insanın qabağını almaq olar? Gərək 15 min nəfər də gətirəsən ki, onları dayandırsınlar. Yəni baş verənlərin ən böyük səbəbkarı baş hakimdir. “İnter”lə matç Bakıda keçirildiyindən, tribunada azarkeşlərimizin sayı qismən az idi. Amma “Neftçi” ilə qarşılaşma 15 min azarkeş qarşısında oynanıldığından, ilk növbədə, hakim qərəzli qərarlarının nələrə səbəb ola biləcəyini göz önünə gətirərək, məsuliyyət daşımalıdır.
0