“Qarşıdakı oyunlarda bu çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”
30.03.2010 - 10:22
“Qarşıdakı oyunlarda bu çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”
Unibank Premyer Liqasının autsayderi Yevlaxın “Karvan” klubu qarşıdakı turda qələbə qazanmağa köklənib. Apasport.az saytının məlumatına görə, final mərhələsinin ikinci “altılığ”ında mübarizə aparan Yunis Hüseynovun yetirmələri “Standard”la həftəsonu keçiriləcək qarşılaşmadan 3 xal qazanmaq niyyətindədirlər.

45 yaşlı mütəxəssis Peşəkar Futbol Liqasının rəsmi saytına verdiyi açıqlamada vaxtilə çalışdırdığı “bankirlər”lə görüş haqda fikirlərini bildirib: “Son üç oyunu qolsuz heç-heçə ilə başa vurmuşuq. Müdafiədə inamlı oynasaq da, hücumda yaratdığımız qol imkanlarından istifadə edə bilmirik. Qarşıdakı oyunlarda bu çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Bundan sonra xal itirə bilmərik. "Standard"la oyunda bizi yalnız qələbə qane edəcək".

Qeyd edək ki, "Karvan" 25 turdan sonra 9 xalla Unibank Premyer Liqasının son pilləsində qərarlaşıb.
0