Əmrah Çəlikəl: Biz Elnur Allahverdiyevi qova bilərdik, amma...
30.03.2010 - 10:54
Əmrah Çəlikəl: Biz Elnur Allahverdiyevi qova  bilərdik, amma...
“Biz Elnur Allahverdiyevlə bağlı məsələni hərtərəfli araşdırdıq. Futbolçunun özü ilə yanaşı, baş məşqçi, komandamızın nümayəndələrinin də fikirlərini öyrənmişik. Sonda prezident səviyyəsində qərar qəbul etmişik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib.

Milli komandamızın da üzvü olan Elnur Allahverdiyev Azərbaycan kuboku uğrunda “Xəzər-Lənkəran”la cavab oyununda intizamsız hərəkətləri ilə yadda qalıb. Həmin matçda qırmızı vərəqə alaraq, meydandan qovulan Elnur baş hakim Vüsal Əliyevin ünvanına nalayiq ifadələr işlətmişdi. Nəticədə AFFA-nın İntizam Komitəsinin 2 oyunluq cəzasına, 2000 manatlıq cəriməsinə məruz qalan 27 yaşlı müdafiəçi son iki görüşdə iştirak etmir. AFFA-nın cəzası yalnız kuboka aid edildiyi üçün Allahverdiyev Unibank Premyer Liqasında “Qəbələ” və “İnter”lə görüşlərdə meydana çıxmaq hüququna malik olsa da, baş məşqçi Qurban Qurbanov onun adını heç oyunların protokoluna daxil etməmişdi.

Çəlikəl bir müddət komandadan kənarda qalan Allahverdiyevlə bağlı hərtərəfli məsləhətləşmələr aparıldığını bildirib: “Biz Elnurla bağlı daha sərt tədbirlərə əl ata, onu komandadan kənarlaşdıra bilərdik. Ancaq onun milli komandanın üzvü, həm futbolçu, həm də insan kimi yaxşı keyfiyyətlərə malik olduğunu nəzərə aldıq. Düzdür, Allahverdiyev Lənkərandakı oyunda intizamsızlıq edib və buna görə cəzasını alacaq. Ancaq bununla belə, onun mayadək komandamızda qalmasını qərara aldıq. Elnur həmin müddət hazırlıqda iştirak edərək, oynamaq imkanı qazanacaq. Ancaq bu, o demək deyil ki, yenidən əsas heyətdə yer alması təmin olunub. Bizdə əvəzolunmaz futbolçu yoxdur və heç kimin start heyətində oynayacağına zəmanət yoxdur”.

Çəlikəl futbolçunun maddi cəzaya məruz qalacağını söyləyib. Yəni, yığma üzvü komandada çıxışını davam etdirsə də, kifayət qədər böyük məbləğdə cərimədən yaxa qurtara bilməyəcək: “Ona cərimə mütləq olacaq. Məbləği açıqlaya bilmərəm. Çünki bu, klubla futbolçu arasında olan məsələdir. Allahverdiyevin “Qəbələ” və “İnter”lə oyunlarda komandamıza kömək etməsini istərdik. Ancaq hərəkətlərinə görə bu imkandan məhrum oldu. Əslində, Elnur üçün ən böyük cərimə Berti Foqtsun şəxsən izlədiyi görüşdə iştirak etməməyidir. Bu, futbolçuya verəcəyimiz minlərlə manat, yaxud dollardan daha önəmlidir. Elnurun “Qarabağ”da yeni mövsümdəki taleyinə mayda müqaviləsi bitəndən sonra aydınlıq gələcək. Onun xidmətində maraqlı olacağıqsa, anlaşma uzadılacaq. Futbolçu da sərbəst olandan sonra istədiyi klubla müqavilə bağlamaq hüququndadır”.

Qeyd edək ki, Allahverdiyev “Qarabağ”la müqaviləsi bitəndən sonra karyerasını ölkə xaricində davam etdirmək istəyində olduğunu açıqlayıb.
0