“Tvente” rəsmiləri milli komandamızın üzvlərini izləməyə gəlir
30.03.2010 - 11:22
“Tvente” rəsmiləri milli komandamızın üzvlərini izləməyə gəlir
“Tvente” nümayəndələri azərbaycanlı futbolçuları izləyəcək. Bu haqda apasport.az saytına Ağdamın “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl məlumat verib. Onun sözlərinə görə, bir müddət əvvəl Vaqif Cavadovu sıralarına qatan Hollandiya çempionatının lideri yenə futbolçularımızla maraqlanır. Çəlikəl bildirib ki, “Tvente” rəsmiləri gələn ay futbolçularımızı izləmək üçün Türkiyəyə gələcək: “Vaqifinin keçidindən sonra sıx əlaqələrə malik olduğumuz “Tvente”dən bizə zəng gəlmişdi. Hollandlar gələn ay Azərbaycan yığmasının Türkiyə ilə rəsmi oyununu izləmək üçün Əskişəhərə gələcəklər. “Tvente”nin menecer, seleksiyaçıları ilə yanaşı, rəhbərlikdən də bir nəfərin gəlişi nəzərdə tutulub. Hollandiya klubu bizim nümayəndələrin də həmin vaxta ora gəlməsi ilə bağlı müraciət etdi. Klubumuzda uşaq futbol koordinatoru olan Həmdi Sərpil Tüzün həmin vaxt Türkiyəyə gedəcək. İş proqramım imkanım varsa, şəxsən mən də həmin vaxt səfər edəcəyəm. “Tvente”nin nümayəndələri təkcə bizim komandanın yox, ümumiyyətlə, azərbaycanlı futbolçulara baxacaq. Azərbaycan yığmasından bəyəndikləri gənc futbolçuları transfer etmək istəyirlər”.

Qeyd edək ki, alman mütəxəssis Bernard Lippetin baş məşqçisi olduğu 19 yaşlılardan ibarət yığmamız (U-19) apreldə Avropa çempionatının elit raundu çərçivəsində qrup oyunlarını Türkiyədə keçirəcək. Mübarizəyə aprelin 14-də meydan sahibləri ilə görüşlə başlayacaq yığmamız 16-da Norveçin, 19-da İspaniyanın U-19-u ilə oynayacaq.
0