“İki yerdən maaş almaq mənə pis təsir edir”
30.03.2010 - 23:01
“İki yerdən maaş almaq mənə pis təsir edir”
Yevlaxın "Karvan" klubunun hücumçusu Xaqani Məmmədovun apasport.az saytına müsahibəsi

- Hesabat turunda keçmiş komandan "Olimpik-Şüvəlan"a qarşı oynadınız. Bu barədə nə deyə bilərsiniz?
- "Olimpik-Şüvəlan" ikinci "altılıq"da güclü komandalardan biridir. Bilirsiniz ki, turnir cədvəlində təhlükəli zonada qərarlaşmışıq. Oyunlarda bizi ancaq qələbə qane edir. "Olimpik- Şüvəlan"dan qat-qat üstün futbol nümayiş etdirdik. Hesabı açmaq üçün bir neçə əlverişli vəziyyət yaratsaq da, bundan yararlana bilmədik. İdman xoşbəxtliyi rəqibin tərəfində idi.

- Təsnifat mərhələsində yaxşı çıxış edirdiniz. Axırıncı turlarda isə qələbə üzünə həsrət qalmısınız. Uğursuzluğa səbəb nədir?
- Oyunlarda xeyli qol vəziyyətləri yaradırıq. Hətta təhlükəli zərbələr də endiririk. Amma top qapıdan keçmir ki, keçmir. Nə edə bilərik? Son vaxtlar işimiz dalana dirənib. Şanssızlıq bizdən əl çəkmir.

- Ardıcıl qələbələrdən sonra futbolçularda arxayınlıq yaranması mümkündür?
- İnanmıram. "Karvan"da böyük təcrübəyə malik futbolçular çıxış edirlər. Mən və Zaur Ramazanov Azərbaycan çempionatının bombardiri olmuşuq. Yəni, hər hansı qələbə bizi arxayınlaşdıra bilməz. Əlbəttə ki, komanda miqyasında bunun səbəblərini araşdırırıq. Növbəti oyunlarda uğurlu nəticələr qazanacağımıza inanıram.

- 3 oyunda 5 qol vurmaqla bombardirlik yarışına qoşulmuşdunuz. İndi rəqibləriniz sizdən aralanıblar. Demək olarmı ki, bombardirlikdən əl çəkmisiniz?
- Mən heç vaxt bədbinləşmirəm. Qətiyyət, inam və səbr hesabına çox şeyə nail olmaq mümkündür. "Karvan"a gələnə qədər cari çempionatda qol hesabını açmamışdım. Yevlax klubunda 3 oyuna 5 qol vurmaqla, futbol oynamağı yadırğamadığımı sübut etdim. Rəqiblərimdən çox geri düşməmişəm. Var qüvvəmlə çalışıb, ən yaxşı göstəriciyə imza atmağa cəhd edəcəyəm. Əlbəttə ki, hər şey qismətdən asılıdır. 1 dəqiqədən sonra nə baş verəcəyini heç kim bilmir.

- "Karvan"a "İnter"dən icarə əsasında gəlmisiniz. Maaşı hansı klubdan alırsınız?
- Bəli, hazırkı klubumda 6 aylıq icarə əsasında çıxış edirəm. Əməkhaqqımın yarısını "Karvan", yarısını "İnter" verir. Əlbəttə, bu vəziyyət mənə pis təsir edir.

- "İnter"dən niyə ayrıldınız?
- Paytaxt klubunda işlərim qaydasında gedirdi. 2007-2008-ci illər mövsümündə Azərbaycan çempionu olub, ən sərrast oyunçu seçildim. Keçmiş baş məşqçi Valentin Xodukin sonradan mənə şans vermədi. Gürcü Kaxaber Sxadadzenin gəlişindən sonra hər şey daha pisləşdi. Məni oynatmır, hətta ilk “18”liyə belə, daxil etmirdi. Legioner gətirmişdi, istər güclü, istərsə də zəif olsun - onu oynatmalı idi. Amma orada heç kimdən zəif deyildim. Əksinə, legionerlərin çoxundan güclüyəm. Sadəcə, mənə şans verməyib, nəyə qadir olduğumu görməyib, ehtiyatda saxlayırdı. Oynamamaq məni bezdirmişdi. Ümumiyyətlə, Azərbaycanda legioner limitinin olmaması nəinki mənə, bütün azərbaycanlı futbolçulara mənfi təsir göstərir.

- Mövsümün sonunda "İnter"lə müqavilənizin müddəti bitəcək. Təklif olunsa, növbəti mövsümü də "Karvan"da keçirərsiniz?
- "Karvan"da baş məşqçi funksiyasını Yunis Hüseynov yerinə yetirir. O, həqiqətən də mehriban kollektiv formalaşdırıb. Yevlaxda oynamaq xoşdur. İnşallah, mövsümün sonunda söhbət edib, qərar verəcəyik.

- "Karvan" hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Komandanı birinci diviziona yuvarlanmaqdan xilas edə biləcəksiniz?
- "Karvan" ölkənin tanınmış klublarından biridir. Belə ənənəyə və infrastruktura malik komandanın birinci liqaya düşməsini göz önünə gətirmək çətindir. Təhlükə var. Amma qarşıdakı oyunlarda maksimum xallar qazanmaqla, bu təhlükəni sovuşdurmaq mümkündür. Allahın köməkliyi ilə "Karvan" elitadakı yerini qoruyacaq. Buna bütün varlığımla inanıram.

- Azərbaycan çempionu olmusunuz, ölkə kubokunu qazanmısınız, ən sərrast oyunçu seçilmisiniz, yığma komandanın şərəfini qorumusunuz. Bundan sonrakı arzularınız hansılardır?
- Çətin sual oldu. Anında fikirləşib cavab vermək çətindir. Bir futbolçu kimi hər zaman qələbə qazanmaq istəmişəm, nailiyyətdən doymamışam. Yenə də Azərbaycan çempionu olub, kuboku qazanmaq istəyərəm. Əlbəttə, karyeramın qürub çağına bombardirlik əlavə rəng qatar. Artıq yığma komandaya qayıtmaq istəmirəm. 10 il müddətində ölkəmizin bayrağını, millətimizi təmsil etmişəm. Ölkəmizdə yetişən gənc futbolçulara oynamaq imkanı yaratmaq vacibdir. Bu gün yığmada gəncləri görmək məni sevindirir.

- Karyeranızı bitirəcəyiniz vaxtı dəqiqləşdirmisiniz?
- Məncə, Azərbaycanda ən köklü klublarda oynamağa imkan tapmışam. "Neftçi"nin, "İnter"in, "Xəzər Lənkəran"ın formasını geyinmişəm. Azərbaycan çempionu olmaq, bombardir adını qazanmaq çox çətin məsələdir. Bunu heç kim elə-belə qəbul etməsin. Hazırda 34 yaşım var. Yəqin ki, 2 ildən sonra, 2012-ci ildə futboldan gedərəm.

- Maraqlıdır, karyeranıza hansı klubun heyətində son qoymaq arzusundasınız?
- Oynadığım klublar arasında heç vaxt fərq qoymamışam. Amma iddialı klubun tərkibində futbolla vidalaşmaq istəyərəm. Məsələn, "Neftçi"nin, "Xəzər Lənkəran"ın, "İnter"in...