Frank Raykaard qovulur, Fatih Terim qaytarılır!
30.03.2010 - 16:08
Frank Raykaard qovulur, Fatih Terim qaytarılır!
“Qalatasaray” rəhbərliyi baş məşqçi postunda növbəti dəyişiklik etmək fikrindədir. Apasport.az saytının məlumatına görə, “Com Bom” hollandiyalı çalışdırıcı Frank Raykaardı istefaya göndərərək, Fatih Terimi sükanı arxasına qaytarmaq istəyir.

Superliqanın son turunda evdə “Fənərbaxça”ya 0:1 hesablı məğlubiyyətdən sonra İdarə Heyətinin üzvləri yeni seçilən Adnan Polata təzyiq etməyə başlayıb. Mövsümün əvvəlindəki hədəfləri bir-bir əldən çıxan “Qalatasaray” Türkiyə kuboku və Avroliqada çıxışını dayandırıb və çempionluq şansı artıq azalıb. Klub rəhbərliyinin baş məşqçi məsələsi ilə bağlı mövqeyi belədir: “Bu postda dəyişiklik şərtdir. Raykaard ilə alınmır. Onu mövsümün sonunda mütləq istefaya göndərməliyik. Raykaardın yerinə Fatih Terim gəlməlidir. Əgər Terim bu təklifi qəbul etməzsə, baş məşqçi Mirça Luçesku olmalıdır. Bizi ancaq Terim, Luçesku kimi “Qalatasaray”ı, Türkiyə futbolunu yaxşı tanıyan mütəxəssislər irəli daşıya bilər”.

Bu günə qədər Raykaardı müdafiə edən Polat artıq bu təzyiqlərə davam gətirmir. Prezident seçildiyi günün ertəsi “Əli Sami Yen”də əzəli rəqibə yenilməyi qəbul etməyən Polat baş məşqçisinin arxasında çox dayanmayacaq. Belə ki, prezident qarşıdakı günlərdə Türkiyə milli komandasından gedişindən sonra işsiz qalan Terimlə görüşməyi planlaşdırır. Luçeskunun isə təklif aldığı təqdirdə, buna “yox” deməyəcəyinə böyük əminlik var.

Qeyd edək ki, “Qalatasaray” ən böyük uğurlarını məhz bu iki baş məşqçinin vaxtında qazanıb. İstanbullular 2000-ci ilin mayında Terimlə UEFA kubokunu, avqustunda Luçesku ilə UEFA Superkubokunu qazanıb.
0