“Ramin Musayev and içib ki...”
30.03.2010 - 16:36
“Ramin Musayev and içib ki...”
“Həmzəyev dedi ki, inciməyin, tapşırıq belə gəlmişdi. Sizcə, Raminlə Xaqanidən başqa bu tapşırıq kimdən gələ bilər?”

“Bəli, zəng etmişəm. Özü də yalnız Əfqan Həmzəyevə deyil, onun köməkçisi Roman Vasilyevə də. Hər ikisini tanıyıram. Oyundan əvvəl bizdə informasiya var idi ki, “Neftçi” ilə oyunda hakimlər briqadası “Xəzər-Lənkəran”a qarşı qərəzli olacaq. Mən də zəng edib hər ikisinə bildirdim ki, Ramin Musayevlə Xaqani Məmmədovun sizə verdiyi tapşırıqlardan xəbərdarıq. Tələb etdim ki, oyunu ya normal idarə etsinlər, ya da Lənkərana gəlməkdən imtina etsinlər. Onlar problemin olmayacağını desələr də, oyunun gedişi yalan danışdıqlarını üzə çıxardı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Palmali” Şirkətlər Qrupunun əməkdaşı Zəfər Mirzəyev deyib.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Futbol+” qəzetinin bu günkü sayına verdiyi müsahibədə bildirib ki, “Xəzər-Lənkəran” – “Neftçi” matçından iki gün öncə Lənkəran təmsilçisinə sponsorluq edən “Palmali” Şirkətlər Qrupunun Zəfər adlı əməkdaşı həmin qarşılaşmaya təyinat alan baş hakim Əfqan Həmzəyevə telefon açıb və təzyiq etməyə çalışıb. Məsələyə münasibət öyrənmək üçün Zəfər Mirzəyevlə əlaqə saxladıq. O, hakimə doğrudan da zəng vurduğunu etiraf etdi.

Zəfər bəydən bu cür informasiyanın hardan gəldiyini soruşduqda, çox maraqlı açıqlama verdi: “Düzünü desəm, informasiya yox idi. Sadəcə, əmin idik ki, belə olacaq. Az müddət öncə İqor Ponomaryovun yubileyində Əfqan Həmzəyevlə görüşəndə, ondan Zaqatalada “Simurq”la oyunumuzun son 15-20 dəqiqəsində niyə qərəzli idarəçilik etdiyini soruşdum. Mənə dedi ki, “inciməyin, tapşırıq belə gəlmişdi. Sizcə, Raminlə Xaqanidən başqa bu tapşırıq kimdən gələ bilər?”

Daha sonra Mirzəyev Ramin Musayevin qeyri-etik davrandığını da söylədi: “Ramin Musayev bu məsələ haqda daha öncə, hələ oyundan əvvəl danışmalı idi. Daha indi mənim zəngimi qabartmasına ehtiyac yoxdur və zənglərimin səbəbini də olduğu kimi təqdim etsin. Mən hakimlərə pul təklif etmək üçün zəng etməmişəm, “Xəzər Lənkəran”a qələbə qazanmağa kömək etməyi istəməmişəm. Sadəcə olaraq, Ramin Musayevlə onun ideyalarının icraçısı olan Xaqani Məmmədovun çirkin əməllərindən xəbərdar olduğumdan və onların “Xəzər-Lənkəran” – “Neftçi” oyunu üçün hansı planları cızdığını bildiyimdən zəng etmişəm ki, fikirlərindən daşınsınlar. Özü də mən hakimlərlə danışanda bilirdim ki, Raminin yanındadılar”.

Təkidimizdən sonra Zəfər bəy üstüörtülü şəkildə Ramin Musayevin “çirkin əməlləri” deyərkən, nəzərdə tutduğu məsələlər barədə də bir neçə kəlmə dedi: “Bəyəm bilmirsiz ki, hələ “Neftçi”də işlədiyi dövrdən Raminin “Xəzər-Lənkəran”ı görməyə gözü yoxdur. Bu adam and içib ki, “Xəzər-Lənkəran” çempion olmayacaq! Son olaylardan sonra “Xəzər-Lənkəran”ın çempionatdan çıxması ehtimalı yaranıb. Sizə əmin edirəm ki, Ramin Musayev bunu istəyir. Yaxşısı budur ki, Ramin Musayev ictimai rəyi çaşdırmaq üçün sözün ucunu havaya tullamasın, oturub öz işi ilə məşğul olsun, milyon problemdən birini həll etsin”.
0