Yığmamızın futbolçuları xeyriyyə aksiyasında
31.03.2010 - 09:28
Yığmamızın futbolçuları xeyriyyə aksiyasında
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası xeyriyyə aksiyasının iştirakçısına çevrilib. Apasport.az saytının məlumatına görə, bu gün İtaliyada start götürən beynəlxalq turnirdə mübarizəyə qoşulacaq Oliver Pelzerin yetirmələri xeyriyyəçilikdə də pay sahibi olacaq.

Belə ki, Mario və Loris Skorpinyoların xatirəsinə həsr olunan sayca 18-ci ənənəvi turnir xoş məramlı olacaq. Bunu yarışın açılışı ərəfəsində çıxış edən təşkilat komitəsinin sədri Fabritsio Formiçetti açıqlayıb: “Bu il keçirilən turnirdə xeyriyyəçiliklə məşğul olmaq qərarına gəlmişik. Yarış zamanı satılacaq pasxa yumurtalarından, həmçinin digər gəlirləri Corc Silviya fonduna keçirəcəyik. Bu qurum xərçəng və leykemiya ilə mübarizə məqsədi daşıyır. Yarış iştirakçıları da əyalət xəstəxanasına baş çəkərək oradakılara dəstək olacaq, təsəlli verəcək”.

Qeyd edək ki, yığmamız Rieti şəhərindəki turnirdə ilk matçını bu gün “Ternana” klubuna qarşı keçirəcək.