“10 oyunluq cəza mənə yox, baş hakim Əfqan Həmzəyevə verilməli idi”
31.03.2010 - 10:52
“10 oyunluq cəza mənə yox, baş hakim Əfqan Həmzəyevə verilməli idi”
“AFFA mənə kəsdiyi cəzanı ağır sayıram. Fikrimcə, 10 oyunluq cəza mənə yox, baş hakim Əfqan Həmzəyevə verilməli idi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Lənkəran şəhər mərkəzi stadionunun direktoru Höccət Hacıyev deyib.

AFFA-nın İntizam Komitəsinin Unibank Premyer Liqasının son turunda qalmaqallı “Xəzər-Lənkəran” – “Neftçi” görüşü ilə verdiyi ağır cəzalardan Hacıyevin da payına düşüb. Belə ki, stadionun direktoru hakimə hədə-qorxu gəldiyi üçün 10 oyunluq kənarlaşdırılıb və meydan sahibinə 8000 manat cərimə kəsilib. Ancaq Hacıyev belə hərəkət etmədiyini bildirib: “Hakimə hədə-qorxu gəlməmişəm. Sadəcə, emosiyalarımı cilovlaya bilməyib, etirazımı bildirmişəm. Həmzəyevin elə idarə etdiyi oyunda hər cür faciə baş verə bilərdi. Öz hərəkətimlə bunun qarşısını almağa çalışmışam. Özü də mən meydana AFFA nümayəndəsi Namiq Məstanov girən zaman daxil olmuşam. Qaydaya görə, futbolçular və hakimlərdən başqa heç kəsin, yəni mənim də meydana girmək hüququm yoxdur. Üstəlik, Məstanovun geydiyi kostyumda heç AFFA emblemi yox idi. Onun geyimindən AFFA nümayəndəsi olduğu bilinmirdi. Məstanov meydana girməklə, lənkəranlı azarkeşləri qızışdırırdı”.

Hacıyevlə bağlı qərarda onun 10 oyunluq kənarlaşdırılması ilə bağlı hissə maraq doğurur. Görəsən, onu haradan, rəhbərlik etdiyi stadiondan kənarlaşdırırlar? Elə Hacıyev də bunu təbəssümlə qarşılayıb: “Onsuz da ehtiyat oyunçular skamyasında oturmağa hüququm yoxdur. Bəlkə məni stadiondan qovurlar? Qərarın 10 oyunluq kənarlaşdırılma ilə bağlı hissə mənə də maraqlı gəldi. Ola bilsin ki, məni oyundan əvvəl keçirilən iclaslara buraxmayacaqlar. Onsuz da sonda ziyan mənə, təsərrüfatmı dəydi. Stadionumda 600-dən çox plastik oturacaq sınıb və böyük məbləğdə xərcə düşmüşük. Bir tərəfdən də AFFA-nın cəriməsi. Konkret, mənə kəsilən cəriməni kimin ödəyəcəyini rəhbərlik müəyyənləşdirəcək. Necə məsləhət olar, elə də edərik”.