“Xəzər-Lənkəran”ın futbolçusu “Barselona”da oynaya bilməz!
01.04.2010 - 11:01
“Xəzər-Lənkəran”ın futbolçusu “Barselona”da oynaya bilməz!
“Xəzər-Lənkəran” klubunun futbolçusu Cem Fələk “Barselona” ilə ilkin müqaviləyə imza atıb. Apasport.az saytının məlumatına görə, uzun illərdir Almaniyada yaşayan 14 yaşlı futbolçu dünyanın ən nəhəng komandasında oynamaq üçün hələ 4 il də gözləməlidir. FİFA-nın qaydalarına əsasən, futbolçu 18 yaşı tamam olandan sonra legioner həyatı yaşa bilər. Həmin vaxt sərbəst qaydada klubla müqavilə imzalayıb, peşəkar karyerasına başlayacaq.

Bir müddət öncə “Xəzər-Lənkəran”la 5 illik müqavilə imzalayan Cem hazırda icarə əsasında Almaniyanın “Ayntraxt” klubunda oynayır. Transfer hüquqları “Xəzər-Lənkəran”a məxsus olan istedadlı futbolçu Almaniyada 8 dəfə “qol kralı” olub və 1185 qol vurub. Avropada bir sıra məşhur klubların diqqət mərkəzində olan Fələk seçimdə Çempionlar Liqasının son qalibinə üstünlük verib.

Qeyd edək ki, “Xəzər-Lənkəran”ın sahibi, fəxri prezidenti Mübariz Mənsimov Cemi İstanbula dəvət etmişdi. “Palmalı Şirkətlər Qrupu”nun prezidenti üç ölkənin – Azərbaycan, Türkiyə və Almaniya yığmasının heyətində görmək istədiyi yeniyetmə futbolçu ilə görüşü zamanı ona hər cür maddi və mənəvi dəstək verəcəyini, onun “Barselona”da özünü sübut edəcəyinə əmin olduğunu bildirib.