Mənsimovun son qərarı açıqlandı
01.04.2010 - 14:26
“Xəzər-Lənkəran” AFFA-nın İntizam Komitəsi ilə bağlı şikayət etməyəcək. Apasport.az saytının məlumatına görə, klubun vitse-prezidenti Tuyqun Nadirov fikirlərinin dəyişdirmələrini belə əsaslandırıb: “Düzü, baş məşqçimiz Ağasəlim Mircavadovun, stadionumuzun direktoru Höccət Hacıyevin cəzalarının azaldılması, oyunun rəsmi protokolunda adı hallanmayan mətbuat katibi Tural Əsgərovun cəzasının ləğv olunması xahişi ilə Apelyasiya Komitəsinə müraciət etmək fikrimiz vardı. Lakin sonra nəzərə aldıq ki, əsas məqsədimiz stadionumuzu sanksiyalardan qorumaq və oyunlarımızı azarkeşlərsiz keçirmək cəzası ilə üzləşməmək idi. Çox minnətdarıq ki, başda AFFA prezidenti başda olmaqla, insidentin araşdırılması ilə məşğul olan insanlar işlərinə peşəkarcasına yanaşdılar və klub nümayəndələrini, azarkeşləri özündən çıxaran xeyli məqamın olduğuna inandılar, bizim qarşıdakı oyunlarda təhlükəsizliyin daha yüksək səviyyədə təmin olunacağı ilə bağlı verdiyimiz təminatları nəzərə aldılar. Üzləşdiyimiz sanksiyalarla bağlı klub daxilində də iclas keçirdik və hamı, o cümlədən cəzalananlar da razılaşdı ki, ümumilikdə götürəndə belə güzəştli qərardan sonra apelyasiya vermək düzgün olmazdı. Əsas odur ki, bizi azarkeşlərimizdən ayırmadılar. Nəticədə klub prezidenti Mais Mənsimov qərar verdi ki, Apelyasiya Komitəsinə müraciət etməyək”.
Qeyd edək ki, AFFA-nın İntizam Komitəsi “Xəzər-Lənkəran”ı Unibank Premyer Liqasının son turunda “Neftçi” ilə qalmaqallı ev oyununa görə ümumilikdə 35 min manat cərimələyib.
Qeyd edək ki, AFFA-nın İntizam Komitəsi “Xəzər-Lənkəran”ı Unibank Premyer Liqasının son turunda “Neftçi” ilə qalmaqallı ev oyununa görə ümumilikdə 35 min manat cərimələyib.
0
0