“Bu məsələyə qarışmağa haqqımız yoxdur”
04.04.2010 - 19:56
“Bu məsələyə qarışmağa haqqımız yoxdur”
"İnter"ə qarşı yaxşı oynadıq. Əlimizə düşən 3-4 real qol vəziyyətini dəyərləndirsəydik, vəziyyət başqa cür olacaqdı. İndi lider "İnter"dən 6 xal geri qalırıq. Mübarizədən qopmamaq üçün irəli baxmalıyıq. Biz ancaq "Xəzər-Lənkəran"la oyunu düşünürük. İnanırıq ki, istədiyimiz nəticəni qazana biləcəyik". Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və "Bakı"nın yarımmüdafiəçisi Fabio Luis Ramim deyib.

Ramim bu gün "Şəfa" stadionunda "İnter"ə qarşı keçirilən oyunda start heyətində meydançaya çıxıb. Fəal təsir bağışlamasına baxmayaraq, məşqçilər korpusu onu 69-cu dəqiqədə Cəmşid Məhərrəmovla əvəzləyib.

Braziliyalı futbolçu bildirib ki, zədəsi ona oynamaq imkanı verməyib: "Bu, baş məşqçinin işidir. Bizim bu məsələyə qarışmağa haqqımız yoxdur. Əsas komandanın nəticə qazanmasıdır. Yəqin ki, məşqçilər bu qərarı komandanın xeyri naminə qəbul edib. Həm də ayağımda yüngül zədə var. Sona doğru getdikcə tam gücümdən istifadə edə bilmirdim".