“Vurduğum qolları həyat yoldaşıma və qızıma həsr edirəm” - FOTO
05.04.2010 - 10:11
“Vurduğum qolları həyat yoldaşıma və qızıma həsr edirəm” - FOTO
Rusiya Premyer Liqasında azərbaycanlı futbolçunun ruzigarı davam edir. Apasport.az saytının məlumatına görə, artıq üç oyundur dalbadal qol vuran Moskva “Lokomotiv”ində çıxış edən soydaşımız Aleksandr Əliyev debüt mövsümünü keçirdiyi Rusiyada bombardir olmaq istəyir.

Vurduğu qolların sayını 5-ə çatdıran 25 yaşlı yarımmüdafiəçi bombardirlər yarışında vahid liderdir. “Lokomotiv”in cari mövsümdə hər iki qələbəsində etdiyi dubllarla əsas rol oynayan Aleksandr belə uğurlu startla kifayətlənmək fikrində deyil: “Əlbəttə, yeni komandada gurultulu alqışlara layiq görülmək çox xoşdur. Azarkeşlərə minnətdarlıq etmək istərdim. Bu, mənim yox, “Lokomotiv”in qələbəsidir. Mən özümü komandadan ayırmıram. Nə vaxtsa ardıcıl üç oyunda qol vurduğumu heç xatırlamıram. Bu seriyanı davam etdirmək istərdim. Vurduğum son qolları əvvəlkilərə olduğu kimi ailəmə - həyat yoldaşıma və qızıma həsr edirəm. Çempionatın bombardiri olmaq məqsədim var”.

Qeyd edək ki, Əliyev Rusiyada anadan olsa da, boya-başa çatdığı Ukraynanın vətəndaşlığını daşıyır. Bu ölkənin milli komandasının üzvü olan futbolçu uzun illər Kiyev “Dinamo”sunda çıxış edib və qışda baş məşqçi Yuri Syominin təşəbbüsü ilə “Lokomotiv”ə transfer olunub.