“Qarabağ” günbəgün yuvarlanır
05.04.2010 - 10:38
“Qarabağ” günbəgün yuvarlanır
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, hesabında 322 xal olan “Barselona” (İspaniya) planetin ən güclüsü adını qoruya bilib.

İkinci pillədə “ikihakimiyyətlikdir”. Bir ay əvvəl üçüncü olan “Verder”ə (Almaniya) çatan Argentinanın “Estuduantes” komandası da 284 xala malikdir. “Çelsi” (İngiltərə) isə ikinci pillədəki yeri ilə vidalaşıb.

Siyahıda yer alan yeganə Azərbaycan təmsilçisi “Qarabağ” mövqeyini daha da pisləşdirib. Aydan-aya geriləyən ağdamlılar bu dəfə daha 22 pillə aşağı yuvarlanıb. Ötən ay 239-cu olan “Qarabağ” 77,5 xalla artıq 261-ci yerdədir. Ağdamlıları arxada qoyanlar arasında “Blekbern”, “Birmingem” (İngiltərə) və “Monpelye” (Fransa) kimi klublar var.

Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun şərəfini qoruduğu Hollandiya “Tvente”si də geriləyib. Enshede təmsilçisi 193,5 xalla 25-ci pillədədir. Ən yaxşı Türkiyə klubları “Qalatasaray” və “Fənərbaxça” isə müvafiq olaraq, 18 və 20-ci yerlərdə qərarlaşıb.