Sirli “Qəbələ”: həm sonuncu, həm də birinci
05.04.2010 - 11:02
Sirli “Qəbələ”: həm sonuncu, həm də birinci
“Qəbələ” klubu Unibank Premyer Liqasında mükafatlar uğrunda mübarizəyə əlavə rəng qatıb. Apasport.az saytının məlumatına görə, Ramiz Məmmədovun çalışdırdığı komanda final mərhələsinin turnir cədvəlində həm sonuncu, həm də birincidir. Məsələ ondadır ki, 14 oyundan sonra 14 xalla 6-cı olan “Qəbələ” yalnız “altılığ”ın oyunlarını nəzərə alsaq, turnir cədvəlində ilk pillələrdədir. Belə ki, 4 görüşdən 7 xal yığan komanda bu göstəricidə “Xəzər-Lənkəran”la şərikli liderdir.

“Qəbələ” “altılıq”da startdaca “Xəzər-Lənkəran”a səfərdə böyük hesablı məğlubiyyətdən (1:4) sonra hətta onun bura layiq olmamağı ilə fikirlər formalaşdı. Ancaq Məmmədovun yetirmələri onları hesabdan silənlərin yanıldıqlarını sübuta yetirdi. Evdə “Qarabağ”la görüşdə əzmkar qələbədən (3:1) sonra paytaxtda ardıcıl iki oyun keçirən “Qəbələ” “Bakı” (1:1) və “Neftçi” (2:1) ilə görüşlərdə gözlənilməz nəticəyə imza atdı. Hətta hazırda vahid lider olan “İnter” “altılıq”da qəbələlilər qədər xal yığmayıb. İndi “bankirlər”i növbəti turda Qəbələdə çətin səfər oyunu gözləyir.

“Qəbələ”nin çempionluq qazanması real görünməsə də, hər halda, mükafat, daha dəqiq desək, bürünc medal şansı kifayət qədər böyükdür. Hər halda, komanda 3-cü yerdəki “Bakı”dan 3, sonrakı pillələrin sahibləri “Neftçi” və “Qarabağ”dan 2 xal geri qalır. Özü də onu nəzərə alaq ki, təqvim də qəbələlilər üçün münasibdir. Belə ki, öz meydanında inamlı təsir bağışlayan Məmmədovun komandası “İnter”lə yanaşı, “Xəzər-Lənkəran”, “Bakı”, “Neftçi”ni qəbul edəcək. Göründüyü kimi, xal fərqini aradan qaldırmaq üçün evdə yaxşı fürsət ələ düşüb.

“Qəbələ”nin “Neftçi” üzərində qələbəsini tarixi də saymaq olar. Axı 2006-cı ildən güclülər dəstəsində çıxış edən komanda adlı-sanlı rəqibini səfərdə axır ki məğlub edə bildi. Özü də “Qəbələ” İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda ilk oyunundaca buna nail oldu. Bununla da komandanın “Neftçi” üçün arzuolunmaz rəqib olması bir daha təsdiqləndi. Belə ki, “ağ-qaralar” cari mövsümdə “Qəbələ” üzərində hələ ki qələbə qazana bilməyib. Flaqmana ardıcıl 4 oyundur uduzmayan qəbələlilər sonuncu məğlubiyyəti il yarım öncə alıb. 2008-ci ilin avqustun 24-də evdə “Neftçi”yə həmin 0:1 hesablı məğlubiyyət Anatoli Demyanenkonun ölkəmizdə sonuncu oyunu olub. “Neftçi” bu qələbədən sonra ukraynalı mütəxəssislə yollarını ayırdı.

Qeyd edək ki, Ramiz Məmmədov futbolçu karyerası dövründə oynadığı “Neftçi”nin heyətində gümüş medal qazanıb.