Rail Məlikov: Qonaq ev yiyəsini söyürsə...
05.04.2010 - 15:00
Rail Məlikov: Qonaq ev yiyəsini söyürsə...
Bakının “Neftçi” klubunun kapitanı Rail Məlikovun apasport.az saytına müsahibəsi

- Cari mövsümdə qeyri-sabit çıxış edən komandanız növbəti zərbəni XXVI turda aldı. Evdə “Qəbələ”yə məğlubiyyəti nə ilə izah edirsiz?
- Kor-kor, gör-gör, biz futbol oynayırıq. Elə alınır ki, oynayan da bizik, qol buraxan da. Əsas səbəb yaratdığımız qol vəziyyətlərini reallaşdıra bilməməyimizdir. “Qəbələ”dən üstün oynadıq. Bu komandaya uduzacağımızı heç kim gözləmirdi. Görüşün heç-heçə bitəcəyini düşünmək olardı. Ancaq son saniyələrdə rəqibin bəxti gətirdi. Onlar qələbə topunu vuraraq, 2:1 hesablı qələbə qazandılar.

- Siz hücumçu olmasanız da, hər halda, komandanın kapitanısınız. Necə düşünürsünüz, hücumçularınız niyə qol vura bilmir?
- Bunu hücumçulardan soruşun. Onların niyə qol vəziyyətlərini reallaşdıra bilmədiyini deyə bilmərəm. Artıq “Qəbələ” ilə qarşılaşma arxada qalıb, “Qarabağ”la qarşıdakı səfər matçını fikirləşirik. Keçmiş oyunu təhlil etmək istəmirəm. Uduzduğumuz həmin görüşü yaddan çıxartmaq lazımdır.

- Ümumiyyətlə, “Neftçi”nin çıxışında uğursuzluğa səbəb nədir?
- Uğursuzluq deyəndə ki, sadəcə, nədənsə qələbə qazana bilmirik. “Qəbələ” ilə görüşdə qalibiyyətə böyük ümidimiz olsa da, yenə istəyimizə çata bilmədik. Hərçənd, qələbə inamımızı xeyli artıracaqdı. İnşallah, gələn oyunda buna nail olub, yolumuzu davam etdirmək fikrimiz var. Bu uğursuzluq hər komandada olur.

- Liderlə xal fərqi getdikcə artır. 1-ci pillədə qərarlaşan “İnter”dən artıq 7 xal geridəsiniz. Hesab edirsiniz ki, çempionluq şansınız yenə realdır?
- Bəli. Hələ qarşıda 6 oyun var, “altılığ”ın ikinci dövrəsinin görüşləri qalıb. Hələ çox dəyişiklər olacaq.

- Bəlkə “Xəzər-Lənkəran”la səfər oyunundakı qalmaqaldan sonra komandada psixoloji gərginlik yaranıb?
- Belə bir şey yoxdur. Oyun var idi, qol vura bilmirdik. Belə baxanda, “Qəbələ”nin imkanlarının hər ikisi qol oldu. Qapıya iki zərbə getdi, ikisi də qolla nəticələndi.

- “Neftçi”nin müdafiə xəttinizin liderlərindənsiniz. “Qəbələ” qələbə topunu 90+5-ci dəqiqədə, özü də iki müdafiəçinin arasında vurdu. Bəs bunu necə izah edərdiniz?
- Düzdür, qol buraxanda müdafiəçilər günahlandırılır. Qapımıza ilk qol standart vəziyyətdən sonra vuruldu. Ancaq ikinci qolu gözləmirdik və bu, bizi çox sındırdı. Həmin epizodda qapıçımızla müdafiəçilərimiz arasında anlaşılmazlıq oldu və nəticədə qol buraxdıq.

- “Qəbələ” ilə oyunun ədalətli nəticəsi heç-heçə idi?
- Əlbəttə. Əslində, biz “Qəbələ” ilə oyunu udmalı idik. Bunun üçün qol imkanlarımızdan istifadə etmək lazım idi. Ancaq bunu bacarmadıq və son dəqiqələri götürsək, 1:1 hesabı ədalətli idi.

- Ancaq komandanın nə qədər yaxşı oynadığını söyləsələr də, tarixdə nəticə qalır...
- Bunun üçün qələbə qazanmaq lazımdır.

- Sizcə, bir qələbə “Neftçi”yə uğursuzluq zolağından çıxmaq, özünə inamı qaytarmaq üçün bəs edərmi?
- Nəinki “Neftçi”yə, bütün klublara bir qələbə böyük inam verir. Elə götürək “Qəbələ”ni. “Qarabağ” üzərində əzmkar qələbədən sonra bu komandada yüksəliş var. Qələbə bütün klublar üçün yüksəlişə doğru yoldur.

- Komandanız çempionluğa layiq oyun göstərirmi?
- “Altılıq”dan əvvəlki oyunlarla müqayisədə indi göstərir. “Neftçi” final mərhələsində yaxşı oyun göstərir və çempionluğa layiqdir.

- Bunda baş məşqçi Arif Əsədovun rolu nə dərəcədədir? Bəlkə bu, gənc çalışdırıcının daha çox hücum futboluna üstünlük verməsinin nəticəsidir?
- Bəli. Bunda nəinki Arif Əsədovun, prezidentimiz Sadıq Sadıqov başda olmaqla, bütün rəhbərliyin rolu var.

- Oyundan sonra xoşagəlməz olay baş verdi. Həmin qalmaqalda siz də iştirak etmisiz...
- Bizdə qonağa hörmət var. Ancaq qonaq gəlib, ev yiyəsini söyürsə, onun cavabını vermək lazımdır. Legioner gələndə, ona klubda hər şeyi öyrətmək lazımdır. Necə ki, bizim klubda bunu edirlər. Oynadığın ölkəyə, onun bayrağına, dininə hörmətin olmalıdır. Qonaq gəlib, bunun heç birini etmirsə, buna nə ad verəsən? Yəni, bura Gürcüstan deyil, Azərbaycandır. Gələndə, hörmət etmək lazımdır, daha söyüş söymək yox.

- Söhbət “Qəbələ”nin gürcü legionerindən gedir?
- Bəli.

- Revaz Getsadzedən?
- Adını tanımıram. Bilirəm ki, yarımmüdafiəçidir.

- Deməli, Getsadzedir. O, oyunda iştirak edən yeganə gürcü futbolçudur.
- Nə bilim? Tanıyıram ki? Kim bilir, haradan gəlib?

- Revaz görüşdən sonra sizə söz atdı?
- Yox, oyun gedə-gedə. Nə isə, bu, artıq yaddan çıxıb. Gedib, öz məşqçiləri Vidadi Rzayevə minnətdar olsun.

- Qalmaqalın böyüməsinə Vidadi Rzayev imkan vermədi?
- Yenə deyirəm, Vidadi müəllimə “çox sağ ol” desin. Bunun nə mənada dediyimi özü başa düşər. Vidadi Rzayev də bilir ki, mən nəyi nəzərdə tuturam.