Zavallı “Turan”...
05.04.2010 - 17:28
Zavallı “Turan”...
Bakının “Olimpik-Şüvəlan” klubunun moldovalı futbolçusu Anatoli Doroş Unibank Premyer Liqasının tarixinə düşdü. Apasport.az saytının hesablamalarına görə, 26 yaşlı hücumçu cari çempionatda ən erkən het-trikin müəllifi olub.

Doroş XXVI turda “Turan”ı böyük hesablı məğlub etdikləri görüşdə 42 dəqiqədə 3 qol vurub. Çempionatda bunadək Samir Musayev (“Turan”) 44, latviyalı hücumçu Girts Karlsons isə 47 dəqiqəyə het-trikə imza atmışdı. Hələ fasiləyədək bir hissədə vurduğu 3 qolla oyunun taleyini həll edən Doroş Premyer Liqadan fərqli, mövsümün rekordçusu deyil. Mövsümdə bu baxımdan ən yaxşı göstəriciyə “Xəzər-Lənkəran”ın legioneri Mario Souza imza atıb. Braziliyalı hücumçu “Muğan”la kubok oyununda 37 dəqiqəyə het-trik etməyə müvəffəq olub.

Maraqlıdır ki, çempionatımızda hər üç het-trik “Turan”ın oyunlarında qeydə alınıb. Doroşla Karlson Tovuz təmsilçisini “Şəfa” stadionunda vurduqları 3 qolla yenib. İlk het-trik edən Musayev isə “Turan”ın hücumçusu kimi buna nail olub. Böyük hesablı qələbə ilə nəticələnən ilk het-trik də məhz Anatolidən gəldi.

Doroş son turda coşmaqla, eyni zamanda bombardirlər yarışında mübarizəni qızışdırıb. Belə ki, het-trik ona məhsuldar futbolçuların marafonda yenidən lider olmasına imkan yaradıb. İndi Anatoli “Neftçi”nin rumın yarımmüdafiəçisi Adrean Neaqa ilə 11 qolla şərikli liderdir. Özü də nəzərə alaq ki, Doroş çempionatımızın əvvəlində ən sərrast oyunçular sırasında vahid lider idi. Ancaq sonradan qol susqunluğu olan moldovalı hücumçu uzun müddətdir kölgədə qalmışdı.

Qeyd edək ki, 2006-cı ildən ölkəmizdə oynayan Doroş buna qədər “MKT-Araz”, “Standard” və “Karvan”da oynayıb. Anatoli 62 oyunda 29 qol vurduğu milli çempionatımızda ikinci het-trikinə imza atıb. O, ilk dəfə 2007-ci ilin dekabrın 1-də “Standard”ın heyətində Sumqayıtda 5:1 hesablı qələbə qazandıqları görüşdə 3 qol vurmuşdu.

2008/09 mövsümündə het-triklər
Unibank Premyer Liqası


1 noyabr

“Muğan” – “Turan” – 2:3
Samir Musayev, 15, 28, 59

19 dekabr
“İnter” – “Turan” – 3:1
Girts Kartlson, 44, 87, 90+1

3 aprel
“Olimpik-Şüvəlan” – “Turan” – 4:1
Anatoli Doroş, 2, 41, 44

Azərbaycan kuboku, 1/8 final mərhələsi
İlk oyun


4 noyabr

“Xəzər-Lənkəran” – “Muğan” – 3:1
Mario Souza, 30, 53, 67