“Hamı bizimlə hesablaşmalıdır”
05.04.2010 - 21:18
“Hamı bizimlə hesablaşmalıdır”
“Onlar “fair-play” qaydalarına əməl etmədilər. Gördüm ki, anlaşılmazlıq var, futbolçular arasında mübahisə gedir. Buna görə də meydana daxil oldum və çalışdım ki, münasibətlər gərginləşməsin”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.

42 yaşlı mütəxəssis Unibank Premyer Liqasının XXVI turunda keçirilmiş “Neftçi” – “Qəbələ” görüşündəki qalmaqala münasibət bildirərək, futbolun kişi oyunu olduğunu bildirib: “Voskoboynikovun hərəkətini bəyənmədim. Futbol kişi oyunudur. Amma bu o demək deyil ki, “fair play” qaydalarına riayət edilməməlidir”.

Məmmədov komandasının son oyunlarda əldə etdiyi nəticələrə də aydınlıq gətirib. O, komandasının “Xəzər-Lənkəran”a 1:4 hesabı ilə uduzmasından sonra özlərinə söz verdiklərini vurğulayaraq, heç kimdən zəif olmadıqlarını deyib: “Xəzər-Lənkəran”a məğlub olduqdan sonra futbolçularla yığışıb özümüzə söz verdik ki, birinci “altılıq”a təsadüfən düşmədiyimizi sübut edək. Artıq hər kəs üçün həyəcan təbili çalınıb. “Bakı” da, “Neftçi” də, “Qarabağ” da bilir ki, biz heç kimdən zəif deyilik və iddialıyıq. “Qarabağ”la “Neftçi”yə üç oyunun heç birində uduzmamışıq. Hamı “Qəbələ” ilə hesablaşmalıdır. Amma biz hələ heç nəyə nail olmamışıq. Bu uğurlar bizi arxayın salmamalıdır. Bizi qabaqda çətin oyunlar gözləyir”.