Qyoko Hacıyevski Bakıya səfərinin məqsədini açıqladı
06.04.2010 - 11:30
Qyoko Hacıyevski Bakıya səfərinin məqsədini açıqladı
“Azərbaycan mənim üçün doğma ölkədir. Yenidən burada olmaqdan məmnunam”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun sabiq baş məşqçisi Qyoko Hacıyevski deyib.

Milli komandamızı da çalışdırmış 55 yaşlı makedoniyalı mütəxəssis Bakıya gəlib. Ötən ilin sentyabrında “Bakı”nın baş məşqçi postundan istefa verdikdən sonra bir müddət klubda çalışan Hacıyevski ardından Kiprdən aldığı təklifi dəyərləndirdi. Nəticədə 5 ay öncə ölkəmizdən gedən Hacıyevski birinci liqada mübarizə aparan “Atromitos” klubunun sükanı arxasına keçdi. “Bakı” ilə ötən mövsüm çempionluq qazanan təcrübəli çalışdırıcının ürəyindən yenidən ölkəmizdə çalışmaq istəyi keçir: “Ancaq bunun üçün real təklif olmalıdır. Bakıya gəlişim daha çox şəxsi işlərimlə bağlıdır. Azərbaycanda çoxlu dost-tanışlarım var. Onlarla görüşmək imkanım yaranıb. Yenidən ölkənizdə işləməyimə gəlincə, buna hələ baxarıq. İndi bu haqda dəqiq bir şey söyləyə bilmərəm. Kiprdə mövsüm artıq başa çatıb. Oradakı klubla anlaşmam mövsümün sonuna qədər idi”.

Qeyd edək ki, çempionatı 5-ci yerdə bitirən “Atromitos” yüksək liqaya vəsiqə qazana bilməyib.