Pasulko Azərbaycan yığmasına və “Xəzər-Lənkəran”a sataşdı
06.04.2010 - 12:30
Pasulko Azərbaycan yığmasına və “Xəzər-Lənkəran”a sataşdı
“Rusiyada olduğu kimi, Azərbaycanda da əcnəbilərə pul verməyə xəsislik etmirlər. Karlos Alberto Torres gəldi və heç nə vermədi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər-Lənkəran” klubunun sabiq baş məşqçisi Viktor Pasulko deyib.

Ölkəmizdə yarım il çalışan ukraynalı mütəxəssis 2005/06 mövsümünün ikinci dövrəsində Lənkəran təmsilçisini çalışdırdı. Yaxında Qazaxıstanın “Atırau” klubunun sükanı arxasına keçən Pasulko yığmamızda braziliyalı sabiq baş məşqçi Karlos Alberto Torres daxil olmaqla, yararsız saydığı legionerlərə ağız büzüb: “Biz Moldova ilə Torresin komandasını iki dəfə asanlıqla yendik. Torres isə damağında siqaret gəzərək, problemlərdən danışırdı. Belə mütəxəssislər nəyə lazımdır? Azərbaycanda olduğu kimi, legionerləri milliləşdirmək lazım deyil. Orada yığmada yerli futbolçulardan başqa, kim gəldi oynayırdı. Öz oyunçularını tapmaq lazımdır. Daha Subaşiç kimilərini götürüb, son səbətdə oturmaq yox. Tanınmış məşqçi istəyirsinizsə, futbolunuzu düzəldin”.

Pasulko “Xəzər-Lənkəran”ın da “bostanına daş atıb”. Onun fikrincə, bu klubda menecmentlik zəifdir: “Xəzər-Lənkəran” sanballı klubdur. Onun arxasında böyük maliyyə vəsaitləri olan ciddi adamlar durur. Ancaq orada menecmentdən peşəkarcasına baş çıxaran adam yoxdur”.

Qeyd edək ki, “Xəzər-Lənkəran”ın rəhbərliyi narazı qaldığı Pasulkonu cəmi yarım ildən sonra qovmuşdu.