Millimizin sabiq futbolçusu Adriano və Vaqner Lavın arxasında
06.04.2010 - 12:58
Millimizin sabiq futbolçusu Adriano və Vaqner Lavın arxasında
Braziliyanın Rio-de-Janeyro ştatının çempionatının ən məhsuldar futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Karioka adını daşıyan yarışın bombardirləri siyahısında Azərbaycan milli komandasının sabiq futbolçusu Leandro Qomeş də yer alıb. “Amerikano” klubunun 35 yaşlı hücumçusu çempionatın 15 turu ərzində ən çox qol vuranlardan biri olub.

Ümumilikdə, Kariokanın A seriyasının 2010-cu il mövsümü iki ulduzun hegemonluğu ilə keçib. “Flamenqo”da çıxış edən məşhur Vaqner Lav 15 tur ərzində 12 qol vurmaqla, hamıdan öndədir. Ad-sanına görə ondan geri qalmayan komanda yoldaşı Adriano isə 11 dəfə fərqlənib.

Hesabında 5 qol olan Qomeş Adriano və Vaqnerlə ayaqlaşa bilməsə də, ümumi siyahıda 12-21-ci yeri bölüşən 10 futbolçu sırasında qərarlaşıb. Təbii ki, ilk 5 turda şans qazanmamağı da Leandronun mövqeyinə təsir edib. Əks halda, Qomeş daha çox qol vura bilərdi. Lakin 5 qol da onun komandasının ən yaxşı bombardiri olmasına kifayət edib. “Amerikano”nun heyətində nəinki 5, heç 3-dən artıq qol vuran ikinci oyunçu yoxdur.

Qeyd edək ki, 16 komanda arasında 12-ci yeri tutan “Amerikano” mövsüm ərzində cəmi 18 qol vurub.