Messi, Messi, Messi və yenə Messi - YENİLƏNİB
07.04.2010 - 00:35
Messi, Messi, Messi və yenə Messi - YENİLƏNİB
UEFA Çempionlar Liqasının ilk yarımfinalçıları müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, 1/4 final mərhələsinin ilk oyunlarını sərfəli nəticə ilə başa vuran “İnter” (İtaliya) və “Barselona” (İspaniya) mübarizəni davam etdirirlər.

Avropanın ən nüfuzlu klub turnirinin ilk yarımfinalçısı Moskvada bəlli olub. Belə ki, Moskvada yerli MOİK-i təkrar qarşılaşmada da 1:0 hesabı ilə məğlub edən “İnter” 7 illik fasilədən sonra ən güclü dörd komanda arasına yüksəlib.

Gecənin digər və ən maraqlı oyunu Kataloniyada baş tutub. Bir il əvvəlki yarımfinalın iştirakçısı olan “Arsenal” “Nou Kamp” stadionunda “Barselona” ilə görüşdə hesabı açmasına baxmayaraq, fasiləyəcən qapısında 3 top görüb. Meydan sahiblərinin argentinalı legioneri Lionel Messi 22 dəqiqəyə het-trik edərək, matçın qəhrəmanına çevrilib. Hücumameyyli yarımmüdafiəçi ikinci hissədə də fərqlənib. O, 100 min azarkeşin canlı izlədiyi oyunun 88-ci dəqiqəsində daha bir qol vuraraq, pokerini rəsmiləşdirib.

Çempionlar Liqası, 1/4 final, cavab oyunları

“Barselona” (İspaniya) – “Arsenal” (İngiltərə) - 4:1
QOLLAR: Messi, 21; 37; 42; 88 - Bendtner, 18
Baş hakim: Volfqanq Ştark (Almaniya)
Barselona. “Nou Kamp” stadionu
İlk oyun – 2:2.

MOİK (Rusiya) – “İnter” (İtaliya) - 0:1
QOL: Sneyder, 6
Baş hakim: Stefan Lannua (Fransa)
Moskva. “Lujniki” stadionu
İlk oyun – 0:1.